Azərbaycanda iribuynuzlu mal-qaranın sayı uzunmüddətli dövrdə azalma tendensiyası göstərir. Son on ildə ölkədə iribuynuzlu heyvanların sayı təxminən 267 min baş azalıb. Azalma 2025-ci il ərzində də davam edib.
Banker.az saytının verdiyi məlumata görə, 2026-cı il yanvarın 1-nə ölkədə 2 milyon 441,6 min baş iribuynuzlu mal-qara mövcud olub. Bir il əvvəl bu göstərici 2 milyon 465,6 min baş idi. Beləliklə, son bir ildə azalma 24 min baş təşkil edib. Müqayisə üçün, 2016-cı ilin əvvəlində Azərbaycanda 2 milyon 708,3 min baş iribuynuzlu mal-qara saxlanılırdı.
On illik müqayisəyə əsasən, iribuynuzlu mal-qaranın sayı 266,7 min baş və ya 9,8 faiz azalıb. Eyni zamanda inək və camışların sayı da 2025-ci ilin əvvəlindəki 1 milyon 224,2 min başdan 2026-cı ilin əvvəlində 1 milyon 214,9 min başa düşüb.
Statistikaya əsasən, iribuynuzlu mal-qaranın 97,6 faizi fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarında saxlanılır. Kənd təsərrüfatı müəssisələrinin payı isə cəmi 2,4 faizdir. Bu rəqəmlər ölkədə iribuynuzlu heyvandarlığın əsasən fərdi və ailə təsərrüfatlarının üzərində qurulduğunu nümayiş etdirir.