Bakı-İrəvan sülh prosesi:

2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi Cənubi Qafqazda uzunmüddətli sülh üçün yeni siyasi reallıq formalaşdırıb. Buna baxmayaraq, regionda münaqişədən sonrakı mərhələnin əsas məsələlərindən biri olan yekun sülh müqaviləsinin imzalanması hələ də baş tutmayıb.

Azərbaycan tərəfi hesab edir ki, yaranmış tarixi imkanın davamlı sülhə çevrilməsi üçün Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi və konkret addımlar atması vacibdir. Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündə səsləndirdiyi fikirlər də Azərbaycanın müharibəyə məcbur edildiyi mövqeyini və hazırda regionda dayanıqlı sülhün təmin olunması üçün qarşı tərəfdən gözlənilən addımları bir daha gündəmə gətirib.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev bildirib ki, sülhün bərqərar olması istiqamətində Azərbaycan tərəfindən atılan addımlara, istər humanitar, istər iqtisadi, istər siyasi, istərsə də digər istiqamətlərdə həyata keçirilən tədbirlərə baxmayaraq, Ermənistan sanki sülh müqaviləsinin imzalanması prosesini ləngidir:

Fotoda: millət vəkili Arzu Nağıyev

“Burada Ermənistanın havadarlarının, eyni zamanda, onlara təsir imkanları olan dövlətlərin də rolu danılmazdır. Parlament seçkilərindən sonra belə bir fikir formalaşmışdı ki, hökumət müvafiq proqram qəbul edəcək və sülh gündəliyi ilə bağlı konkret addımlar atacaq. Lakin bu, baş vermədi. 2025-ci ilin avqustunda Vaşinqtonda de-fakto bərqərar olmuş və əldə edilmiş razılaşmalara görə, bu məsələnin öz həllini tapması, yəni sülh müqaviləsinin imzalanması istiqamətində konkret addımların atılması gözlənilirdi.

Azərbaycanın əsas tələbi məlum məsələdir ki, Ermənistanın konstitusiyasında dəyişiklik etməsi və eyni zamanda referendum keçirərək bunu təsdiq etməsidir. Çünki müəyyən müddət keçdikdən sonra məsələ ratifikasiyaya gedəcək. Lakin konstitusiyada dəyişiklik edilmədən, məlum məsələdir ki, parlamentdə hər cür addımlar atıla bilər. Çünki biz artıq revanşist ideyaları görürük və digər məsələlərdə də bunun şahidi oluruq”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan daimi sülhün bərqərar olmasına hazırdır və heç bir prosesdən imtina etmir:

“Son vaxtlar atdığımız addımlar da bütün beynəlxalq səviyyədə qəbul edilmiş qanunlarla üst-üstə düşür.

İstər sülh gündəliyində tərəflərin qeyri-müəyyənliyinin artırılması, istərsə də bütövlükdə sülh prosesinə olan gözləntilər baxımından vəziyyət sanki get-gedə Ermənistan tərəfindən fərqli istiqamətə yönəlir və sülhə olan gözləntilər azalır.

Nikol Paşinyan öz çıxışında məhz sülh müqaviləsinin imzalanmasını 2027, 2028-ci il, hətta 2031-ci ilə qədər uzanan bir zaman çərçivəsində qeyd edir. Lakin əsas məsələ konstitusiyadır. Konstitusiyada dəyişikliyin nə vaxt baş verəcəyi hələ də sual altındadır.

Yeni konstitusiya qəbul edildikdən sonra sülh müqaviləsinin imzalanması əsas prioritet istiqamətdir. Dəfələrlə onların öz çıxışlarında anklavlarla, eksklavlarla bağlı müəyyən məsələləri ortaya qoyurlar. Baxmayaraq ki, delimitasiya və demarkasiya üzrə komissiya çox ciddi şəkildə işləyir və son vaxtlar Ermənistanda bu məsələ yenidən gündəmə gəlir. Yəni gündəmə gəlsə də, konkret olaraq hansı addımların atılacağı ilə bağlı hər hansı aktual məsələ yoxdur. Heç bir razılaşma əldə edilmir, heç bir müzakirə aparılmır”.

Arzu Nağıyev xatırladıb ki, məsələnin uzadılması ilə bağlı addımların Ermənistan tərəfindən atıldığını düşünür:

“Ərazi mübadiləsi barədə bəyanatını ortaya atan Paşinyanın məqsədi, məramı nədən ibarətdir? Bu, Azərbaycanın məsələsində də diqqət çəkən məqamdır. Ermənistan hökumətlərarası komissiyanın işinə hansısa müdaxilələr etməyə çalışır. Əslində isə reallıqda heç bir əlaqəsi olmayan çoxsaylı məlumatlar var. Müzakirələr var və nəticələr var. Sülh gündəliyi real hadisədir.

Düşünürəm ki, elə ciddi, qanuna uyğun qərarlar qəbul edilməlidir ki, bir neçə müddətdən sonra yenidən bu qərarlara dəyişiklik etmək mümkün olmasın. Buna görə də düşünürəm ki, bu məsələ çox ciddi məsələdir.

Ermənistan hakimiyyəti bunu başa düşməlidir. Ortada nə qədər sülhün bərqərar olması tez baş tutsa, bu, həm Ermənistanın özünün təhlükəsizliyinə təminatdır, eyni zamanda, iqtisadi cəhətdən təminatdır və ərazi bütövlüyünün təminatıdır. Buna görə də düşünürəm ki, Ermənistan rəhbərliyi bu istiqamətdə çox ciddi addımlar atmalıdır”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.