Azərbaycanda şaftalı istehsalında son illərdə sürətli artım müşahidə olunur. 2025-ci ildə şaftalı istehsalı əvvəlki illə müqayisədə 38 faizdən çox yüksəlib, son dörd ildə isə təxminən üç dəfə artıb.
Banker.az saytının verdiyi məlumata görə, 2025-ci ildə ölkədə 108,7 min ton şaftalı istehsal edilib. Bu, əvvəlki ildəki 78,7 min tonla müqayisədə 30 min ton və ya 38,1 faiz çoxdur. Müqayisə üçün, 2021-ci ildə Azərbaycanda cəmi 35,9 min ton şaftalı istehsal olunurdu.
İstehsalın artması şaftalı bağlarının sahəsinin genişlənməsi ilə müşayiət olunub. Belə ki, 2024-cü ildə 10,6 min hektar olan şaftalı bağlarının ümumi sahəsi 2025-ci ildə 14,7 min hektara çatıb. Bir il ərzində bağların sahəsi təxminən 38,7 faiz artıb.
Meyvəçilik sektorunun digər istiqamətlərində də artım qeydə alınıb. Ərik istehsalı 28 min tondan 34,9 min tona, gilas istehsalı isə 62,9 min tondan 71,1 min tona yüksəlib. Rəqəmlər göstərir ki, 2025-ci ildə meyvəçilikdə istehsal artımının diqqətçəkən istiqamətlərindən biri şaftalı, ərik və gilas yetişdirilməsi olub.