Alimlər: Günəşin məhvi gözləniləndən daha dramatik olacaq

Günəş sistemi əvvəlki modellərin proqnozlaşdırdığından xeyli tez sabitliyini itirə bilər. Astrofiziklər qrupu yeni modelləşdirmə apararaq bu qənaətə gəlib.

Bu barədə “The Times of India” nəşri yazır.

Mövcud təsəvvürlərə görə, təxminən beş milyard ildən sonra Günəşin hidrogen ehtiyatları tükənəcək, o, qırmızı nəhəngə çevriləcək, xarici təbəqələrini kosmosa atacaq və nəticədə ağ cırtdana çevriləcək. Əvvəllər hesab edilirdi ki, bundan sonra Yupiter, Saturn, Uran və Neptun sönmüş ulduzun ətrafında on milyardlarla, hətta yüz milyardlarla il dövr edə biləcək.

Lakin yeni tədqiqat bu ssenarini şübhə altına alır. Alimlər Günəş ağ cırtdana çevrildikdən sonra Günəş sisteminin xarici hissəsinin təkamülünə dair yüzlərlə mümkün ssenarini modelləşdiriblər.

Nəşrdə deyilir: “Ssenarilərin təxminən 90 faizində Günəş ağ cırtdana çevrildikdən sonra üç milyard il ərzində Günəş sisteminin xarici hissəsi qeyri-sabit vəziyyətə düşürdü”.

Bunun səbəbi Günəşin kütləsini itirdiyi dövrdə maddənin qeyri-bərabər şəkildə kosmosa atılması olacaq. Bu proseslər Günəşin cazibə qüvvəsinə təsir göstərərək planetlərin orbitlərini poza bilər. Nəticədə göy cisimləri bir-birinə yaxınlaşa, hərəkət trayektoriyalarını dəyişə və ya hətta Günəş sistemini tərk edə bilərlər.

Məqalənin müəllifi qeyd edir: “Bəzən planet hətta öz sistemindən kənara atıla və ulduzlararası fəzada tənha səyyah kimi itə bilər”.

Bununla belə, kompüter simulyasiyalarının nəticələri bu ssenarinin mütləq gerçəkləşəcəyi demək deyil.

Yer kürəsi üçün təhlükə isə bu hadisələrdən xeyli əvvəl yaranacaq. Təxminən beş milyard ildən sonra Günəş genişlənməyə başlayacaq və planetimizi uda bilər. Yer kürəsi bu aqibətdən xilas olsa belə, temperaturun yüksəlməsi ulduzun təkamülü başa çatmamışdan xeyli əvvəl burada həyat üçün əlverişli şəraiti məhv edəcək.(Qaynarinfo)