Rusiya və Ukrayna enerji infrastrukturuna qarşı genişmiqyaslı hücumlara davam gətirməyi öyrənib. Lakin bu dayanıqlılıq müharibənin daha uzun və dağıdıcı olmasına səbəb ola bilər.
"Foreign Affairs" nəşrində dərc olunan təhlildəki məlumatlara görə, ucuz və uzaqmənzilli pilotsuz uçuş aparatları hər iki ölkənin enerji infrastrukturunu coğrafi məhdudiyyətlərdən asılı olmayaraq hücumlar üçün əlçatan edib.
Müəlliflərin fikrincə, Rusiya sənaye ehtiyatları, Ukrayna isə sürətli uyğunlaşma və enerji təchizatının mərkəzsizləşdirilməsi hesabına gözləniləndən daha dayanıqlı olduğunu nümayiş etdirib. Bu səbəbdən genişmiqyaslı dağıntılar belə enerji sistemlərinin tamamilə iflic olmasına gətirib çıxarmır.
Təhlildə vurğulanır ki, tərəflər hücumlardan sonra nə qədər tez bərpa olunurlarsa, növbəti, daha güclü zərbənin rəqibi təslim olmağa məcbur edəcəyinə bir o qədər çox inanırlar.
Analitiklərin qənaətinə görə, qarşılıqlı hücumlar və bərpa prosesi illərlə davam edə, dağıntıların və insan itkilərinin artmasına səbəb ola bilər. Bu dövrandan çıxış üçün siyasi qərarlar və real atəşkəs zəruridir.