LƏNKƏRAN, 24 oktyabr. TELEQRAF
Lənkəranda balıq tutan 57 yaşlı kişi naməlum şəraitdə ölüb.
Hadisə rayonun Ürgə kəndi ərazisindən keçən Viravul çayında qeydə alınıb.
Liman şəhər sakini, 1969-cu il təvəllüdlü Fizuli Allahyar oğlu Həsənov çayda balıq tutarkən naməlum şəraitdə dünyasını dəyişib. Onun meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Hadisənin baş verdiyi ərazidən yüksək gərginlikli elektrik xətlərinin keçdiyi bildirilir. Bu səbəbdən kişinin elektrik cərəyanının təsirindən ölmüş ola biləcəyi ehtimal edilir.
Ölümün dəqiq səbəbi məhkəmə-tibbi ekspertizasının rəyindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.