Fransada bir həftə əvvəl baş vermiş iğtişaşların təkrarlanmasının qarşısını almaq və tələbələrin etirazlarına nəzarət etmək məqsədilə böhran qərargahı yaradılıb.
AFP-yə istinadən, ölkənin Lion, Lill, Tuluza və Nant şəhərlərində polis etirazçı tələbələrə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Nant şəhərində polis Luara çayı üzərindəki körpüyə girişi bağlamaq üçün su şırnaqlarından da istifadə edib. Ölkənin cənub-şərqində yerləşən Lion şəhərinin mərkəzində isə yolu bağlamağa çalışan təxminən 150 etirazçını dağıtmaq üçün bibər qazı tətbiq olunub.
Digər şəhərlərdə hakimiyyət orqanları və mağaza sahibləri küçələrdə yeni zorakılıq hallarının baş verə biləcəyini nəzərə alaraq hazırlıq görüblər.
Ötən həftəsonu toqquşma və qarətlərdən ən çox zərər çəkmiş ərazilərdə polis təhlükəsizlik tədbirlərini gücləndirib. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, küçə etirazlarına nəzarət etmək üçün 70 mindən çox təhlükəsizlik əməkdaşı səfərbər edilib.
Fransa daxili işlər naziri Loran Nunes hüquq-mühafizə orqanlarının heç bir iğtişaşa dözməyəcəyini bildirib. O, sosial şəbəkələrdə zorakılığa və qarətlərə çağırışların yayıldığını qeyd edib.
Qeyd edək ki, daha əvvəl Fransanın Baş naziri Sebastyan Lekornü gənclər və tələbələr arasında baş verən iğtişaşlarla mübarizə aparmaq məqsədilə müxtəlif nazirlik və qurumların iştirakı ilə böhran qərargahının yaradılmasını tapşırıb.
Oktyabrın 24-də Fransanın Nitsa şəhərinin mərkəzində qiymət artımına qarşı keçirilən etiraz aksiyası zamanı polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
TASS-a istinadən, asayişin qorunması üçün əraziyə yüzlərlə polis və jandarm əməkdaşı cəlb olunub.
Dənizkənarı Alp departamentinin prefekturası həmin gün şəhərdə bütün nümayiş və ictimai toplantıları qadağan etsə də, etirazçı qruplar şəhər mərkəzinə toplaşıblar. Prefekturanın məlumatına görə, təxminən 1 000 nəfər yürüş edərək polis və hakimiyyət əleyhinə şüarlar səsləndirib. Nümayişçilər sosial sahəyə və təhsilə ayrılan büdcə vəsaitlərinin azaldılmasına etiraz ediblər.
Massen meydanında nümayişçilərlə polis arasında toqquşma baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı xüsusi vasitələrdən istifadə ediblər.
Gərginliyə və toqquşmalara baxmayaraq, nümayişçilər şəhər infrastrukturuna və mağazalara zərər vurmayıblar.
Yerli vaxtla saat 16:30-da Nitsa hakimiyyəti 40 nəfərin saxlanıldığını açıqlayıb. Onlardan bəziləri aksiya başlamazdan əvvəl gözyaşardıcı qazdan qorunmaq üçün vasitələr daşıdıqlarına görə saxlanılıblar.
Fransa polisi şənbə gününün birinci yarısında bütün ölkəni əhatə edən kütləvi etiraz aksiyaları zamanı 135 nəfəri saxlayıb.
Bunu ölkənin daxili işlər naziri Loran Nunyes BFMTV telekanalına açıqlamasında deyib.
"Saat 13:00-a (Bakı vaxtı ilə 15:00 - red.) olan məlumata görə, 135 nəfər saxlanılıb. Bu saxlanılmalar əsasən şəxsi əşyaların yoxlanılması nəticəsində və silah kimi istifadə oluna biləcək alətlərin müsadirə edilməsi ilə əlaqədar həyata keçirilib", - deyə nazir bildirib.
Onun sözlərinə görə, hələlik heç bir ciddi insident qeydə alınmayıb. Bununla belə, o, Orleanda "Milli Birlik" partiyasının ikigünlük siyasi konqresi ərəfəsində onlara qarşı etiraz etmək üçün toplaşan sol və ifrat solçu hərəkat nümayəndələrinin çoxluğundan narahatlığını ifadə edib.
İlkin məlumatlara əsasən, günün birinci yarısında başlayan nümayişlərə təxminən 35 min adam qatılıb. Ümumilikdə isə bu şənbə günü üçün 136 müxtəlif aksiya planlaşdırılıb, oktyabrın 17-də onların sayı 264 idi.
Fransanın Lion şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları oktyabrın 24-də keçirilən etiraz aksiyaları zamanı toplaşanları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.
Bu barədə BFM TV məlumat yayıb.
Telekanalın məlumatına əsasən, şəhərdə gün ərzində polis və aksiya iştirakçıları arasında ilk toqquşmalar baş verib. Jurnalistlər qeyd edirlər ki, Lionun bir neçə rayonunda nümayişlərin keçirilməsinə qadağa qoyulub.
Eyni zamanda, kütləvi nümayişlərin başlamasından əvvəl Fransa jandarmına məxsus zirehli yük maşınları Paris küçələrinə gətirilib.
Yelisey sarayı yaxınlığında bir neçə zirehli maşın növbə çəkir, binanın ətrafındakı təhlükəsizlik perimetri isə adi günlərlə müqayisədə genişləndirilib. Xidmətlər Fransa liderinin iqamətgahına bitişik küçələrin girişini mikroavtobuslar və dəmir maneələrlə bağlayıblar.
Milli Assambleyanın (parlamentin aşağı palatası) yaxınlığında daha bir neçə zirehli avtomobil, çox sayda polis və jandarm xidmət aparır. Həmçinin Yelisey çölləri, Eyfel qülləsi, Zəfər tağı və şəhərin digər nöqtələri daxil olmaqla, turistik məkanların yaxınlığındakı küçələr boyu xeyli sayda polis və jandarm maşınları park edilib.
Qeyd edək ki, şənbə günü Parisdə həmkarlar ittifaqı və tələbə hərəkatlarının iştirakı ilə kütləvi nümayişin keçirilməsi gözlənilir. Paytaxt prefekturası onların Bastiliya meydanından Millət meydanına qədər tələb etdikləri marşrutu rədd edərək, bunun əvəzində şəhər kənarında - metronun "Port-d'İtali" stansiyasından "Port-de-Vensen" stansiyasına qədər yürüşə icazə verib.
Xatırladaq ki, ötən şənbə, oktyabrın 17-də nümayişlərin iğtişaş və qarətlərə çevrilməsindən sonra respublikanın Daxili İşlər Nazirliyi təhlükəsizlik tədbirlərini ciddi şəkildə gücləndirəcəyini və asayişin qorunmasına cəlb olunan polis və jandarm qüvvələrinin sayını 10 mindən 70 minə çatdıracağını vəd edib.
Oktyabrın 24-də keçiriləcək nümayişlərin bütün Fransa üzrə 500 minə qədər iştirakçı toplayacağı ehtimal olunur.