Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə gedən yolda hələ də müəyyən çağırışlar mövcuddur. Azərbaycan üçün Ermənistanın Konstitusiyasından Azərbaycanın ərazilərinə qarşı ərazi iddialarına dair istinadları rəsmi şəkildə və birdəfəlik çıxarması mühüm əhəmiyyət kəsb edir.
Bu barədə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanovun "The Telegraph"da dərc olunan məqaləsində qeyd edilib.
Səfir qeyd edib ki, Baş nazir Nikol Paşinyan konstitusiya islahatlarının aparılmasını açıq şəkildə dəstəklədiyini bəyan edib. Bu, vacib addımdır. Lakin beynəlxalq ictimaiyyət qonşularımıza xatırlatmalıdır ki, sözlər real addımlara çevrilməlidir.
"İki ölkə arasında qtisadi əlaqələr TRIPP üzrə danışıqlar mərhələsi başa çatmamışdan əvvəl də fəal şəkildə inkişaf edib. Bir il əvvəl Ermənistana tranzit məhdudiyyətləri aradan qaldırıldı və Ermənistana Azərbaycan ərazisindən keçməklə yük daşınmasına imkan yaradıldı.
İki ay sonra Azərbaycan Ermənistana yerli istehsal olan benzinin ilk partiyasını göndərdi. Bu ilin ortalarına qədər isə Azərbaycandan qonşu ölkəyə on minlərlə ton yanacaq məhsulu ixrac edilib. Yeni yaradılmış bu regional təchizat zənciri Ermənistanda daxili yanacaq qiymətlərinin 20–30 faiz azalmasına səbəb olub", - deyə o bildirib.
E.Süleymanov vurğulayıb ki, Cənubi Qafqaz dünyaya göstərdi ki, diplomatik və ticarət əlaqələri vasitəsilə münasibətlərin normallaşdırılması hətta ən qətiyyətli rəqiblərin belə nail ola biləcəyi bir məqsəddir.
"Bu sülhü rəsmiləşdirən müqavilənin imzalanması növbəti addımdır. Ümid edirik ki, müharibələrin viran qoyduğu dünyanın digər bölgələri də əldə etdiyimiz nəticələrdən cəsarət və ümid alacaqlar", - deyə o əlavə edib.\Trend