Filippində iki təyyarə toqquşub, 4 pilot ölüb

Filippində təlim zamanı iki hərbi təyyarənin havada toqquşması nəticəsində dörd pilot həlak olub.

Asharq Al-Awsat-ın məlumatına görə, hadisə cümə günü günortadan sonra paytaxt Manilanın cənubundakı Fernando aviabazasında baş verib.

İki birmühərrikli, pərvanəli SF-260 təyyarəsi havada toqquşduqdan sonra aviabazanın ərazisinə düşüb.

Filippin Hərbi Hava Qüvvələrinin sözçüsü, polkovnik Elvin Kapinqiuan qəza nəticəsində başqa xəsarət alanların olmadığını bildirib.

Hadisənin səbəblərini müəyyənləşdirmək üçün araşdırma başlanılıb. Ehtiyat tədbiri olaraq bütün SF-260 təyyarələrinin uçuşları müvəqqəti dayandırılıb.

Qeyd edək ki, may ayında Filippinin şimalındakı Benqet əyalətində daha bir SF-260 təyyarəsinin təlim uçuşu zamanı qəzaya uğraması nəticəsində iki hərbi pilot həlak olub.