Kim Çen In yeni açılan körpü ilə Çinə səfər edib

Şimali Koreya lideri Kim Çen In iki ölkəni birləşdirən yeni açılmış körpü vasitəsilə Çinin sərhəd şəhəri Dandona gəlib.

“Yonhap” agentliyinə istinadən, Kim Çen In Amnok çayı üzərindəki körpüdən keçərək Dandona daxil olub.

Şimali Koreyanın Sinuiju sərhəd şəhəri ilə Çinin Dandon şəhərini birləşdirən körpü 12 illik gecikmədən sonra bu ay istifadəyə verilib. Körpünün açılması Pxenyan və Pekin arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.

Uzunluğu 3 026 metr olan dörd zolaqlı körpünün tikintisi 2014-cü ildə başa çatıb. Layihəyə Çin tərəfindən təxminən 310 milyon ABŞ dolları sərmayə qoyulub. Lakin Şimali Koreya tərəfinin birləşdirici yolların və gömrük infrastrukturunun tikintisini başa çatdırmaması səbəbindən körpünün istifadəyə verilməsi 12 il gecikib.