"Eni" Kipr sahillərindəki qaz layihəsi üçün infrastruktura 1,8 milyard dollaradək vəsait ayıracaq

İtaliyanın "Eni" neft-qaz şirkəti yaxın günlərdə Kipr sahillərindəki dərin sulu "Cronos" qaz layihəsi üçün qazma infrastrukturunun və boru kəmərlərinin tikintisinə dair 1,3-1,8 milyard dollarlıq müqavilələr imzalayacaq.

Bu barədə "İnterfaks" "The Wall Street Journal"a istinadən yazıb.

Qəzetin məlumatına görə, imzalama bazar ertəsi baş tuta bilər.

Müqavilələr qazı hasil etməyə, hazırlamağa və onun Misirə nəqlinə kömək edəcək sualtı infrastrukturun inşasını nəzərdə tutur.

"Eni" "Cronos" layihəsinin operatorudur və "TotalEnergies" ilə birlikdə ona sahibdir. Şirkətlər layihənin icrasına dair qərarı iyul ayında qəbul edib və Misirdəki mövcud boru kəmərlərindən vəqaz emalı zavodundan istifadə edərək onun sürətləndirilmiş işlənməsini planlaşdırır.

Sentyabrda "Halliburton" layihə üçün quyuların tikintisi üzrə müqavilə aldığını, "McDermott" isə 500-750 milyon dollarlıq sualtı müqavilə üzrə podratçı seçildiyini bildirmişdi.

Kipr sahilində hasil edilən qazın sualtı borularla Misirə daxil olması və Aralıq dənizindəki "Damietta" mayeləşdirilmiş təbii qaz terminalında həddindən artıq soyudularaq mayeləşdirilməsi, oradan isə Avropaya göndərilməsi nəzərdə tutulur.

"Misirin "Zohr" yatağının mövcud infrastrukturundan istifadə imkanı layihəni ucuzlaşdırmağa kömək edir", - WSJ qeyd edib. "Eni"dən sadəcə quyuları bu yataqdakı mövcud borularla birləşdirmək üçün boru kəmərləri tikmək tələb olunur. Bundan əlavə, "Zohr"dan "Damietta" terminalına qədər boru kəməri çəkiləcək.

"Cronos"un ehtiyatları 3 trilyon kub futdan (28,32 milyard kub. m) çox qiymətləndirilir.

"Eni" həmçinin Kipr sahillərində daha bir blokun operatoru kimi çıxış edir və "TotalEnergies"in idarə etdiyi digər iki blokda paylara sahibdir.