“Ermənistanın silahlanması Azərbaycan üçün potensial təhlükə mənbəyi olaraq qalır”

“Ermənistanın silahlanması Azərbaycan üçün potensial təhlükə mənbəyi olaraq qalmaqdadır və bu, həmişə belə olacaq”.

Bunu açıqlamasında ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bildirib. Ekspert qeyd edib ki, Ermənistanın silahlanması sülh üçün ciddi təhlükə kəsb edir:

“Ermənistanın aldığı hər silah-sursatın bir gün Azərbaycana tuşlanmayacağına heç kim zəmanət verə bilməz. Azərbaycan bunun acı nəticələrini uzun illər öz üzərində gördü. Azərbaycan indi Ermənistandan qat-qat güclüdür, imkanlıdır. Ermənistan bir təyyarə alanda Azərbaycan qırxını birdən alır. Amma bu o demək deyildir ki, Ermənistan sərbəst şəkildə silahlanmslıdır. Əgər həmin bir təyyarədən atılan raket Azərbaycan əsgərinin yaralanmasına belə səbəb olacaqda, bunun günahı bizdə olacaq. Azərbaycan Ermənistanın ümumiyyətlə silahlanmasına qadağa qoymalı idi.

Sülh sazişinin bir bəndi buna aid olmalı idi. Ermənistanın işğalçı mahiyyəti nəzərə alınmaqla, eyni zamanda, Azərbaycanın bu işğalçılıq hərəkətinə son verərək, Ermənistanı məğlub etdiyini əsas gətirərək onun silahlanması yenidən müharibə səbəbi hesab edilməli idi. Amma Azərbaycan Ermənistana qarşı aşırı xoşgörü və mərhəmət göstərdi.

Ermənistanda yerləşdirilən silahların hansı məqsədlə alındığı iki ölkə arasında müzakirə predmeti olmalıdır.

Erməni cəmiyyətində revanşist xəyallarla yaşayan külli miqdarda erməni var. Onların əlinə hakimiyyət keçəcəyi təqdirdə yenidən qisas almaq istəyinə düşməyəcəyinə kimsə qarantiya verə bilməz. Hesab edirəm ki, Azərbaycan nə qədər ki, gec deyil Ermənistanın silahlanmasını ciddi şəkildə sorğulamalıdır”.