Putinlə Stiv Uitkoff arasında görüş başa çatıb, müzakirələr üç saat davam edib

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında keçirilən görüş başa çatıb.

TASS xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Görüş başa çatıb”, – deyə o bildirib.

Görüş Konstantin sarayında Moskva vaxtı ilə təxminən saat 11:55-də başlayıb və beləliklə, təxminən üç saat davam edib.

Görüş zamanı Putin və Uitkoff Ukrayna münaqişəsinin nizamlanması məsələləri də daxil olmaqla, bir sıra mövzuları müzakirə ediblər.

Rusiya lideri Ukraynadakı böhranla bağlı məsələlərə göstərdiyi diqqətə görə həmsöhbətinə, eləcə də ABŞ Prezidenti Donald Trampa təşəkkür edib. O, həmçinin humanitar məsələlərin həllinə verdiyi töhfəyə görə ABŞ-nin birinci xanımı Melaniya Trampa minnətdarlığını çatdırmağı xahiş edib.

xxx

Rusiya Prezidenti Vladimir Putin ABŞ-la iqtisadi əməkdaşlığın bərpasında maraqlı olduqlarını bildirib.

TASS xəbər verir ki, bu barədə Putin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşündə danışıb.

Putin Ukrayna münaqişəsinin nizamlanmasına göstərdiyi diqqətə görə Trampa təşəkkür edib. Uitkoff isə ABŞ liderinin adından Rusiyaya dizel yanacağının tədarükü ilə bağlı razılaşmanın əldə olunmasına görə Putinə minnətdarlığını bildirib.

Rusiya Prezidentinin sözlərinə görə, dizel yanacağı ilə bağlı razılaşma çərçivəsində ilk tanker 2–3 gün ərzində yola düşəcək və 40 min ton dizel daşıyacaq. Putin həmçinin Rusiyanın ABŞ-a böyük həcmdə gübrə tədarük edə biləcəyini qeyd edib.

Uitkoff Rusiyaya Ukrayna münaqişəsinin nizamlanmasına dair yanaşmaları əks etdirən sənədlər gətirdiyini bildirib. O, Moskva, Vaşinqton və Kiyevin iştirakı ilə üçtərəfli danışıqların bərpasına ümid etdiyini vurğulayıb.

Görüş zamanı Putin ABŞ vətəndaşı Stiven Habardın azad edildiyini də açıqlayıb. Habard Ukrayna tərəfində döyüşlərdə iştirak etməkdə təqsirli bilinərək Rusiyada həbs cəzasına məhkum edilmişdi. Putin Trampın bu məsələ ilə bağlı əvvəlki müraciətini nəzərə aldığını bildirib.

Rusiya Prezidenti İranın nüvə problemi ilə bağlı Moskvanın təkliflərinin də yaxşı məlum olduğunu qeyd edib. O, humanitar məsələlərin həllinə kömək göstərdiyinə görə ABŞ-ın birinci xanımı Melaniya Trampa təşəkkürünü çatdırmağı Uitkoffdan xahiş edib.