Avropa İttifaqı (Aİ) Ələt Azad İqtisadi Zonasına (ƏAİZ) birbaşa sərnişin dəmir yolu xəttinin çəkilməsini təklif edir. Məqsəd işçilərin və investorların zonaya nəqliyyat əlçatanlığını yaxşılaşdırmaqdır.
Trend xəbər verir ki, bu barədə Aİ-nin dəstəyi ilə hazırlanmış “Azərbaycanın ticarət sektorunun inkişafı: siyasət, məhdudiyyətlər və imkanlar” adlı hesabatda deyilir.
Hesabat müəllifləri qeyd edirlər ki, Ələt Azad İqtisadi Zonasının yaradılması Azərbaycanın iqtisadi inkişafı, investisiyaların cəlb edilməsi və yeni biznes imkanlarının yaradılması baxımından müsbət və strateji əhəmiyyətli addımdır. Bununla yanaşı, sənəddə vurğulanır ki, zonanın potensialından tam istifadə etmək və uzunmüddətli rəqabət qabiliyyətini təmin etmək üçün bir sıra mühüm amillər nəzərə alınmalıdır.
“Belə amillərdən biri investorlar, işçilər və müəssisələr üçün zonanın nəqliyyat əlçatanlığının təmin edilməsidir. Beynəlxalq təcrübə göstərir ki, əlverişli coğrafi mövqe ilə yanaşı, iri şəhər mərkəzləri və nəqliyyat qovşaqları ilə səmərəli nəqliyyat əlaqələri xüsusi iqtisadi zonaların rəqabət qabiliyyətinin formalaşmasında mühüm rol oynayır.
Ələt Bakı şəhər mərkəzindən təxminən 65 kilometr məsafədə yerləşir və hazırda paytaxtın mərkəzi ilə metro, bərə və ya şəhərətrafı sərnişin dəmir yolu nəqliyyatı vasitəsilə birbaşa əlaqəyə malik deyil. Bununla belə, Ələt Azad İqtisadi Zonasının uğurlu fəaliyyəti və uzunmüddətli inkişafı böyük ölçüdə investorlar, işçilər və müəssisələr üçün nəqliyyat əlçatanlığının təmin edilməsindən asılıdır.
Bu baxımdan, Bakı Mərkəzi Dəmir Yolu Vağzalından cəmi 7 kilometr məsafədə yerləşən “Abşeron” stansiyası ilə dəmir yolu əlaqəsinin yaradılması, daha sonra isə mövcud Hövsan–Ələt dəmir yolu xəttinin sərnişindaşıma məqsədilə inkişaf etdirilməsi Ələtin nəqliyyat əlçatanlığını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər”, – deyə hesabatda bildirilir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 22 may 2020-ci il tarixli fərmanı ilə yaradılan Ələt Azad İqtisadi Zonası Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında, beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir.
Zona innovativ texnologiyalar tətbiq edən, fəaliyyətində ən yaxşı beynəlxalq standartlara uyğun yanaşmalardan istifadə edən və yüksək əlavə dəyər yaradan ixracyönümlü məhsullar istehsal edən investorların cəlb edilməsinə yönəlib.