Bakıda tıxacları azaltmağın YENİ ÜSULU - Təmir işləri...

Yollarda təmir və asfaltlama işlərinin hansı saatlarda aparılması hərəkətin intensivliyinə, işlərin keyfiyyətinə və sürücülərin təhlükəsizliyinə birbaşa təsir edir.

Bakıda gündüz saatlarında həyata keçirilən yol işləri bəzi ərazilərdə nəqliyyat sıxlığının artmasına və uzun tıxacların yaranmasına səbəb olur.

Bu isə sürücülərin vaxt itkisi ilə yanaşı, şəhərdaxili hərəkətin təşkilində də əlavə çətinliklər yaradır.

Bir sıra hallarda yol təmirinin gecə saatlarında aparılması daha məqsədəuyğun hesab olunur. Lakin bunun üçün ərazinin güclü işıqlandırılması, müvafiq texnikanın və işçi qüvvəsinin səfərbər edilməsi, eləcə də təhlükəsizlik tədbirlərinin düzgün təşkili vacibdir. Digər tərəfdən, asfaltlama işlərinin gecə aparılması yolun keyfiyyətinə təsir edə bilərmi? Temperatur, hava şəraiti və texnoloji tələblər bu prosesdə hansı rol oynayır?

Nəqliyyat eksperti Rauf Ağamirzəyev BAKU.WS-ə bildirib ki, yol hərəkətinin intensiv olduğu böyük şəhərlərdə təmir və asfaltlama işlərinin gecə saatlarında aparılması daha məqsədəuyğundur:

"Bu, gündüz saatlarında yolların bağlanmasının qarşısını almağa, nəqliyyat sıxlığını və tıxacları minimuma endirməyə imkan verər. Xüsusilə Bakıda bəzən yolların tamamilə bağlanması hərəkətin təşkilində ciddi çətinliklər yaradır və sürücülərin gündəlik gediş-gəlişinə mənfi təsir göstərir.

Burada əsas məsələ işin gecə və ya gündüz aparılmasından daha çox, prosesin düzgün təşkilidir. Asfaltlama işlərinin keyfiyyəti birbaşa temperatur rejimindən, texniki tələblərə əməl olunmasından və örtüyün lazımi səviyyədə kipləşdirilməsindən asılıdır. Yəni gecə işləmək öz-özlüyündə keyfiyyətsiz yol çəkilməsi demək deyil.

Lakin gecə saatlarında işlərin operativ və təhlükəsiz aparılması üçün əvvəlcədən ciddi hazırlıq görülməlidir. Ərazi kifayət qədər işıqlandırılmalı, tələb olunan texnika, material və avadanlıqlar hazır vəziyyətdə olmalı, işçi qüvvəsi isə ayrılmış vaxt ərzində işi başa çatdırmaq üçün tam səfərbər edilməlidir".

Ekspert əlavə edib ki, bu baxımdan dəmir yollarında tətbiq olunan "texniki pəncərə" təcrübəsi nümunə kimi götürülə bilər:

"Müəyyən vaxt intervalında hərəkət məhdudlaşdırılır və zəruri təmir işləri həmin müddətdə həyata keçirilir. Eyni yanaşma metro sistemində də tətbiq olunur: qatarların hərəkəti dayandıqdan sonra təmir briqadaları səhər saatlarına qədər işlərini yerinə yetirirlər.

Oxşar təcrübənin avtomobil yollarının tikintisi və təmirində də geniş tətbiq olunması gündüz saatlarında hərəkətin məhdudlaşdırılmasını, tıxacları və digər nəqliyyat problemlərini azaltmağa kömək edə bilər".