Ermənistan Azərbaycan ərazisindən, o cümlədən Naxçıvandan keçməklə İrana dəmir yolu bağlantısı əldə edə bilər.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə TRIPP layihəsi ilə bağlı sualları cavablandırarkən bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan Ermənistan ərazisindən Naxçıvana və əks istiqamətdə hərəkət imkanı əldə edəcək. Ermənistan isə qarşılıqlı olaraq Azərbaycanın ərazisindən və infrastrukturundan istifadə etməklə həm ölkənin ayrı-ayrı hissələri, həm də üçüncü ölkələr arasında bağlantı qura biləcək.
Mirzoyan qeyd edib ki, Ermənistan yükləri Naxçıvan üzərindən İrana, Azərbaycan ərazisindən isə Mərkəzi Asiya, Çin və digər istiqamətlərə daşımaq imkanı qazana bilər.
Layihə çərçivəsində sərhəd prosedurlarının təşkilinə toxunan nazir bildirib ki, “front office” və “back office” mexanizminin məqsədi sərnişinlərin və yüklərin keçidini asanlaşdırmaq və sürətləndirməkdir. Onun sözlərinə görə, qərarları Ermənistanın müvafiq dövlət qurumlarının əməkdaşları verəcək.
Mirzoyan layihənin yalnız Mehri ərazisindən keçəcək dəmir yolu ilə məhdudlaşmadığını da vurğulayıb. O bildirib ki, mümkün neft və qaz kəmərlərinin marşrutları hələ müəyyənləşdirilməyib və bu infrastrukturlar Ermənistanın başqa ərazilərindən də keçə bilər.
Nazir dəmir yolunda dayanacaqların yaradılması məsələsinin indiyədək müzakirə olunmadığını deyib. Bununla belə, Ermənistanın həmin xətdən yük və sərnişin daşımaları üçün istifadəsini nəzərə alaraq dayanacaqların olmasını zəruri sayıb.