Regionların iqtisadi inkişafını sürətləndirmək üçün hər bir iqtisadi rayonun potensialına uyğun inkişaf modeli hazırlanmalı, yerli idarəetmənin rolu artırılmalı və sahibkarlığa dəstək gücləndirilməlidir.
Bunu Milli Məclisin deputatı Tahir Mirkişili “Regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda keçirilən konfransda bildirib.
Deputatın sözlərinə görə, regionların kənd təsərrüfatı, turizm və sənaye imkanları ayrıca qiymətləndirilməli, inkişaf strategiyaları həmin üstünlüklərə uyğun qurulmalıdır. Əsas məqsəd iqtisadi artımın sürətləndirilməsi, məşğulluğun genişləndirilməsi və əhalinin rifahının yüksəldilməsi olmalıdır.
Tahir Mirkişili bu prosesdə özəl sektorun rolunu da vurğulayıb:
“Dövlət sahibkarlıq üçün imkanlar yaratmalı, sahibkarlar isə yeni iş yerlərinin açılmasına və büdcə gəlirlərinin artmasına töhfə verməlidirlər”.
Deputat bələdiyyələrdə rəqəmsal idarəetmənin və elektron xidmətlərin genişləndirilməsini də vacib sayıb. O bildirib ki, elektron platformalar vətəndaşlar üçün əlçatan olmalı, bələdiyyələrin fəaliyyətində şəffaflığı artırmalıdır.