Alman turist Sven Hausen "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin Brüsseldə keçirdiyi aksiya barədə daha ətraflı məlumat almaq üçün dayanıb.
Sven Hausen "Report"un Avropa bürosu ilə söhbətində qeyd edib ki, o, bu il Bakıda bir həftə vaxt keçirib.
Turistin sözlərinə görə, o, Azərbaycan bayrağını görərək Brüsseldəki aksiyaya diqqət yetirib və onun məqsədini öyrənmək üçün yaxınlaşıb.
"Məncə, bu, faciəvidir", - S. Hausen deyib.
Turist bildirib ki, Bakıda olduğu müddətdə o, Qarabağda şəhid olanların xatirəsinə ucaldılmış abidəni və yaxınlıqda yerləşən çoxsaylı məzarları görüb.
Aksiyanın itkin düşmüş və taleyi məlum olmayan 4 mindən çox azərbaycanlıya həsr olunduğunu öyrənən Hausen qeyd edib ki, onların ailələri hələ də öz yaxınlarından xəbər gözləyirlər.
Söhbət zamanı alman turist məlumatlı olduğu Srebrenitsa qətliamına da toxunub.
"Yaxınları barədə heç olmasa, hər hansı bir məlumat almağı hələ də gözləyən insanlar var", - o vurğulayıb.