“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Qarabağ Milli Parkının yaradılması erməni işğalının təbiətdəki fəsadlarının aradan qaldırılmasına tarixi töhfədir”.
Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, məlum Sərəncam erməni işğalı dönəmində təbiətə dəyən zərərin aradan qaldırılması, pozulan ekoloji tarazlığın bərpası kimi problemlərin həllinə Azərbaycan dövlətinin verdiyi önəmi göstərir:
“Təbii ki, Qarabağ Milli Parkının yaradılması Prezidentimizin təbiətə, ekologiyaya olan həssas və qayğıkeş münasibətinin nəticəsidir.
Heç kimə sirr deyil ki, 30 illik işğal dönəmində erməni tapdağında qalan ərazilərimizdə meşələr kütləvi şəkildə məhv edilib, təbiət və ekologiyaya ağır zərbə dəyib. İşğaldan azad olunan hər bir ərazidə ermənilər tərəfindən su hövzələrinin və torpaq örtüyüyü çirklənməsi, yaşıllıqların məqsədli şəkildə məhvi hallarına rast gəlinir ki, bu da problemin həlli istiqamətində effektiv və miqyaslı tədbirlər görməyi zəruri edir.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövləti Prezident İlham Əliyevin bilavasitə nəzarəti və qayğısı altında təbiətə dəyən ziyanın aradan qaldırılması, ekoloji tarazlığın bərpası istiqamətində fundamental tədbirlər, nəhəng layhələr həyata keçirməkdədir. Təbii meşələrin bəpası və eləcə də süni meşələrin salınması, yaşayış məntəqlərinin ətrafı ilə yanaşı, həm də onların daxilində yaşıllıqların genişləndirilməsi işğaldan azad edilən ərazilərdə həyata keçirilən mühüm tədbirlərdən biridir. Zəngilan rayonunun inzibati ərazisində Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun və Qarabağ iqtisadi rayonuna daxil olan Şuşa və Xocalı rayonlarının inzibati ərazilərində Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bunun ən böyük isbatıdır. Bu baxımdan Qarabağ Milli Parkının yaradılması dövlətimizin və Prezidentimizin bu istiqamətdə atdığı çoxsaylı addımların davamı kimi mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycan dövləti və xalqının təbiətə olan qayğıkeş münasibətinin, sağlam ekoloji mühit formalaşdırmaq əzminin göstəricidir.
Əminliklə demək olar ki, Qarabağ Milli Parkının yaradılması işğal dönəmində təbiətə dəyən zərərin nəticələrinin daha sürətlə bərpasına öz müsbət töhfəsini verəcək, məlum prosesi əhəmiyyətli dərəcədə optimallaşdıracaq. Bu baxımdan Prezident Qarabağ Mili Parkının yaradılması ilə bağlı Sərəncamını alqışlayır, bunu təbiətin qorunması və erməni işğalının nəticələrinin aradan qaldırılması yolunda tarixi qərarlardan biri kimi yüksək qiymətləndiririk”.