İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) məxsus "ABB-Asset Management" MMC-ni dövlət qeydiyyatına alıb.
Nazirliyə istinadən, yeni şirkət ABB-nin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 ünvanında qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 1 milyon manat, qanuni təmsilçisi isə ABB-nin Agile Ofisinin rəhbəri Həsən Etibar oğlu Eminovdur. O, həm də ABB-yə məxsus "ABB İnnovasiya" MMC-nin direktorudur.
Törəmə şirkətin yaradılması ilə bağlı qərar ABB-nin səhmdarlarının bu il mayın 7-də keçirilmiş növbəti yığıncağında qəbul edilib. Şirkət adından göründüyü kimi aktivlərin idarə edilməsi üzrə fəaliyyət göstərəcək. Hazırda bu sahədə iki şirkət - "CFI Financial İnvestisiya Şirkəti" QSC-yə məxsus "CFI Asset Management" MMC və "İnvest-Az İnvestisiya Şirkəti" QSC-yə məxsus "İnvestAz Asset Management" MMC Azərbaycan Mərkəzi Bankının müvafiq lisenziyalarına malikdir.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 281,271 milyon manatdır. Bankın səhmlərinin 88,54 %-i Maliyyə Nazirliyinə, 3,64 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22 %-i "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına, 7,6 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.
Hazırda ABB-nin yeganə təsisçi olduğu 7 törəmə müəssisəsi var. Bank həmçinin Özbəkistanın "Davr Bank"ında 51 %, "Azərbaycan Kredit Bürosu" MMC-də 12,5 %, "Bakı Fond Birjası" QSC-də isə 4,76 % pay sahibidir.