İnzibati cərimələr bankların beynəlxalq maliyyə münasibətlərində problemlər yarada bilər.
Bunu Maliyyə Monitorinqi Xidmətinin (MMX) İdarə Heyətinin sədrinin müavini Azər Abbasov Bakıda keçirilən Dayanıqlı Biznes: Korporativ İdarəetmə, Risk və Komplayens (GRC) tədbirində bildirib.
Onun sözlərinə görə, bugünkü çağırışlar ondan ibarətdir ki, komplayens sistemi bütöv olmalıdır: "O, maliyyə institutunu sanksiya, hüquqi və reputasiya risklərindən qorumalıdır. Vaxtilə bu sahə ilə məşğul olanda həmin riskləri başa düşməyə çalışırdım. Məsələn, mənim üçün belə bir sual yaranırdı: bugünkü çağırışlar fonunda komplayens hər hansı bir institutu hüquqi risklərdən necə qoruya bilər? Son məhkəmə qərarları göstərir ki, kibercinayət nəticəsində adına kredit götürülmüş şəxsin hüquqları komplayens tələblərinin pozulması səbəbindən məhkəmə tərəfindən müdafiə olunur və bankın əleyhinə qərar çıxarılır. Bu qərar bankın maliyyə itkisinə səbəb olur. Yəni məhkəmə komplayens sistemindəki boşluqları əsas götürərək bankın müştərisini müdafiə edir".
A.Abbasov bunu bank üçün hüquqi risk yaratdığını vurğulayıb: "Eyni zamanda, banka tətbiq olunan inzibati tədbirlər reputasiya riskinə gətirib çıxarır. Reputasiya riski isə bankın müxbir münasibətlərində problemlər yarada bilər.
Qlobal maliyyə bir-biri ilə sıx əlaqəli sistemdir. Məsələn, hər hansı banka tətbiq olunan inzibati cərimə təkcə maliyyə itkisi ilə nəticələnmir. Bu, eyni zamanda, bankın müxbir münasibətlərinə də təsir göstərə bilər. Gələcəkdə bankdan müxtəlif sorğulara cavab verərkən onun barəsində tətbiq edilmiş cərimələrin sayı və səbəbləri ilə bağlı əlavə izahatlar tələb oluna bilər. Bütün bunlar bank üçün əlavə problemlər yaradır".