Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) və Niderlandın Milli Metrologiya İnstitutu (Van Swinden Laboratorium - VSL) arasında elmi və texniki əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Dövlət Agentliyinə istinadən, sənədi AzMİ-nin baş direktoru Xamis Seyranov və VSL-in baş icraçı direktoru Fabienne van Booma imzalayıb.
Memorandumda birgə elmi tədqiqatların aparılması, elmi-texniki məlumat və təcrübə mübadiləsi, etalonların inkişafı və təkmilləşdirilməsi, kalibrləmə və sınaq fəaliyyətlərində qarşılıqlı dəstəyin göstərilməsi, eləcə də seminar və təlimlər vasitəsilə kadr potensialının artırılması nəzərdə tutulur.
Bundan əlavə, sənəddə ölçmə nəticələrinin etibarlılığının artırılması məqsədilə laboratoriyalararası tutuşdurmalarda iştirak, habelə laboratoriyalarda beynəlxalq keyfiyyət standartlarına uyğunluğun təmin edilməsi istiqamətində birgə fəaliyyətlər öz əksini tapıb.