Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "MJ Finance" ASC bank olmayan kredit təşkilatının (BOKT) 2 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə "Report"a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd istiqraz kütləvi hərrac üsulu ilə yerləşdirilib. Hərraca 208 investor ümumi dəyəri 2 milyon 72,4 min manat olan 247 sifariş təqdim edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib. Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 16 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "ABB-lnvest investisiya Şirkəti" QSC və "Troni İnvestisiya Şirkəti" QSC -dir.
İstiqrazların tədavüldə olduğu müddətdə emitentin onları geri alması nəzərdə tutulmayıb.