Azərbaycanın qış turizmi potensialı Londonda təqdim olunub

Sərgi çərçivəsində Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədri Florian Zenqstşmid Euronewsun Grand Voyager səyahət proqramının aparıcısı Lilli Dausun moderatorluğu ilə keçirilən The Future of the Ski Holiday (Xizək turizminin gələcəyi) adlı panel müzakirəsində iştirak edib.

Müzakirədə, həmçinin Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) idman və tədbirlər üzrə direktoru Sandra Spitz və Mountain Trade Networkun təsisçisi, Snow Show sərgisinin tədbir direktoru Ceyms Qambrill iştirak ediblər. Paneldə yeni dağxizək istiqamətləri, səyahətçilərin dəyişən gözləntiləri və qış turizminin gələcək inkişaf tendensiyaları müzakirə olunub. Florian Zenqstşmid Azərbaycanın dağ turizmi sahəsindəki inkişafı və ölkənin mövcud imkanları barədə məlumat verib.

Sərgidə Şahdağ Turizm Mərkəzi və Tufandağ QışYay Turizm İstirahət Kompleksi xizək, snoubord və digər açıq hava fəaliyyətləri üzrə imkanlarını təqdim ediblər.

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov da ölkə stendini ziyarət edib.

Bu il 50ci dəfə təşkil olunan London Snow Show qış idman növləri və turizm istiqamətlərini bir araya gətirən beynəlxalq tədbirdir.