Gürcüstan və Azərbaycan regional əməkdaşlığı gücləndirməklə Cənubi Qafqazın rəqabətqabiliyyətliliyinin və iqtisadi potensialının artırılmasında aparıcı rol oynaya bilər.
Bunu "Geocase" analitik təşkilatının rəhbəri Viktor Kipiani Tbilisidə keçirilən "Gürcüstan–Azərbaycan: Strateji tərəfdaşlıq və ortaq gələcək" mövzusunda dəyirmi masada çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında münasibətlər möhkəm təmələ əsaslanır. Bununla belə, regionda baş verən proseslər və beynəlxalq münasibətlər sistemindəki dəyişikliklər ikitərəfli əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsini zəruri edir.
V.Kipiani qeyd edib ki, hazırkı qlobal prosesləri yalnız deqloballaşma kimi qiymətləndirmək düzgün olmazdı. Onun fikrincə, dünyada yenidən qloballaşma prosesi ilə yanaşı, regionların və regional əməkdaşlıq mexanizmlərinin əhəmiyyəti də artır.
Analitik vurğulayıb ki, Gürcüstan və Azərbaycan dəyişən regional şəraitdə əməkdaşlığı dərinləşdirmək və yeni regional düzənin formalaşmasında daha fəal iştirak etmək potensialına malikdir.
Onun fikrincə, bu istiqamətdə birgə səylərin artırılması yalnız iki ölkənin münasibətlərinin inkişafına deyil, bütövlükdə Cənubi Qafqazın rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə də töhfə verə bilər.
V.Kipiani çıxışında Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevə ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəyə, həmçinin tədbirin təşkilində iştirak edənlərə təşəkkürünü bildirib.
Qeyd edək ki, Tbilisidə keçirilən dəyirmi masada Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi, siyasi və iqtisadi əməkdaşlıq, regional təhlükəsizlik, enerji, nəqliyyat və logistika, eləcə də Orta Dəhlizin inkişaf perspektivləri müzakirə olunur.