Ermənistanın bütün bölgələrində gənclər və digər sosial qruplar üçün süni intellekt üzrə ödənişsiz təlimlər təşkil olunacaq. Kurslar çərçivəsində iştirakçılara süni intellekt alətlərindən istifadə, düzgün sorğuların hazırlanması, eləcə də süni intellekt vasitəsilə şəkil və video yaratmaq bacarıqları öyrədiləcək.
"Aysor" nəşrinin məlumatına görə, proqram Ermənistanın Yüksək Texnologiyalar Sənayesi və Süni İntellekt Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Proqramın iştirakçıları ilə görüş Dilicanda baş tutub. Görüşdə Ermənistanın yüksək texnologiyalar sənayesi və süni intellekt naziri David Tadevosyan, eləcə də BMTİP-nin innovasiyalar və Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsi üzrə portfel rəhbəri Tiqran Çoroxyan iştirak ediblər.
Təlimlər «NEST: Milli Bacarıqlar və Texnologiyalar Ekosistemi» təşəbbüsü çərçivəsində reallaşdırılır. «Gələcəyin bacarıqları» adlı kurs «8.18 Consulting» şirkəti tərəfindən təşkil olunub.
Görüş zamanı nazir David Tadevosyan texnoloji biliklərin Ermənistanın bütün bölgələrində əlçatan olmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, hər bir gənc öz potensialını üzə çıxarmaq, yeni ideyalarını həyata keçirmək və ölkənin texnoloji inkişafına töhfə vermək imkanına malik olmalıdır.
BMTİP-nin nümayəndəsi Tiqran Çoroxyan da insan potensialının üzə çıxarılması və inkişafına yönələn dəstəyin əhəmiyyətini qeyd edib. O, süni intellekt və digər texnologiyaların, sahibkarlıq düşüncəsinin və əməkdaşlıq bacarıqlarının yeni dəyərlərin yaradılması və davamlı tərəqqinin təmin olunması üçün geniş imkanlar açdığını bildirib.
Təlimlər zamanı iştirakçılar oyunlar və xüsusi tapşırıqlar vasitəsilə süni intellekt üçün effektiv sorğuların hazırlanması — prompt yazılması bacarıqlarını inkişaf etdiriblər. Praktiki məşğələlərdə, həmçinin süni intellekt alətləri ilə şəkil və video yaratmaq imkanları öyrədilib.
Proqram çərçivəsində noyabrın 30-dək İrəvanda və Ermənistanın bütün bölgələrində ödənişsiz kurslar keçiriləcək. Təlimlərdə yuxarı sinif şagirdləri, gənclər, 30–40 yaşlı qadınlar, sosial və ailə müavinətləri alan şəxslər, qaçqınlar və dövlət qulluqçuları iştirak edə biləcəklər.
Zəruri şərh:
40 ilə yaxın müddətdə Rusiya və qismən də digər supergüclərin dəstəyi ilə bizə qarşı separatçı, işğalçı, niyyətli mübarizə, müharibə aparmasına və bu gün hələ də sülh sazişinin imzalanmaması səbəbindən xeylimiz tərəfindən düşmən sayılsa da, Ermənistanın hökumətinin bu təşəbbüsünə Azərbaycanın Elm və Təhsil Nazirliyi və digər müvafiq qurumları ibrətamiz bir nümunə kimi baxaraq nəticə çıxarmalıdır...
S.Laçın