İran ABŞ istehsalı olan 14 tonluq GBU-57 aviabombası üçün texnologiyaya malikdir.
IRIB-ə istinadən, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müşaviri Məhəmməd Rza Nəqdi bu açıqlamanı İranın Mazandaran əyalətində keçirilən hərbi təlimlərin bağlanış mərasimində verib.
O, ABŞ-nin bu sursatdan 12 günlük müharibə zamanı istifadə etdiyini, lakin bombanın bir hissəsinin partlamadığını və İran tərəfindən qənimət kimi ələ keçirildiyini vurğulayıb.
"İndi 14 tonluq Amerika bombasının ərintiləri, elektron sxemləri və bütün texnologiyası təhlil edilib və bu texnologiya bizim əlimizdədir", - Nəqdi bildirib.
O, əlavə edib ki, əgər ABŞ belə bir bombanı kiməsə qarşı istifadə edərsə, İranın texnologiyanı haradan əldə etdiyini xatırlamalıdır. Müşavirin sözlərinə görə, hazırda yalnız iki ölkə belə silahlara malikdir: İran və ABŞ.
Qeyd edək ki, SEPAH rəhbərinin müşaviri GBU-57-ni "bütün bombaların anası" adlandırıb, baxmayaraq ki, bu, GBU-43/B Massive Ordnance Air Blast (MOAB – "Mother Of All Bombs") üçün qeyri-rəsmi addır. ABŞ-nin İrana qarşı əməliyyatları zamanı bu silahın istifadəsi ilə bağlı rəsmi məlumat yoxdur.
GBU-57 və ya "Massive Ordnance Penetrator" (MOP), Amerika istehsalı olan bunker əleyhinə bombadır. Partlamadan əvvəl 61 metr torpağa və ya 19 metr dəmir-beton qatına nüfuz edə bilir. Mərmi dünyada ən böyük bunker əleyhinə bombadır.