Şeytan başını örtərmi?

Dövlətimizin müstəqilliyi, vətəndaşlarımızın inancı və qapının arxasında qalan qızlarımızTəsəvvür edin, bir ata qızına başını örtməyi qadağan edir. Qızı atasının qərarını anlamır. Axı onun üçün başörtüsü sadəcə geyim deyil. Bu, dini inancının, mənəvi dünyasının, bəlkə də uşaqlıqdan formalaşmış həyat tərzinin ayrılmaz hissəsidir. Ata isə israr edir. Bəs niyə? Bəlkə qızının hansısa dini-siyasi çevrənin təsirinə düşməsindən ehtiyat edir? Bəlkə keçmişdə gördüyü hadisələr, yaşadığı təcrübələr onu qorxudub? Bəlkə övladını qorumaq istəyərkən fərqinə varmadan onun ən həssas duyğularına toxunur? Yaxud da sadəcə yanılır? Bütün bunlar mümkündür. Amma bir həqiqəti qəbul etməliyik, atanın övladına qoyduğu hər qadağanın arxasında mütləq qərəz axtarmaq doğru deyil. Ata səhv edə bilər. Lakin onun qərarı ilə razılaşmamaq, həmin qərarın arxasında mütləq pis niyyət olduğunu düşünmək demək deyil. Bəs qız necə davranmalıdır? Atasının, yaxud valideynlərinin üzünə ağ olmalı, onların üstünə qışqırmalı, qapıları çırpmalı, evdə nə varsa qırıb-tökməlidirmi? Əlbəttə, yox.Bizim milli-mənəvi tərbiyəmizdə valideynə hörmət xüsusi yer tutur. Valideynimizlə razılaşmaya bilərik, onun səhv etdiyini düşünə bilərik. Amma bunu ədəb çərçivəsində ifadə etmək mümkündür. Eyni zamanda, ata da qızını dinləməlidir. Çünki hörmət yalnız övladın valideynə göstərdiyi münasibət deyil. Valideyn də övladının hisslərini, düşüncələrini, narahatlığını anlamağa çalışmalıdır. İndi bu mənzərəni bir qədər genişləndirək. Bir tərəfdə müstəqilliyini və təhlükəsizliyini qorumağa çalışan Azərbaycan dövləti, digər tərəfdə isə dini inancını yaşamaq, təhsil almaq və öz gələcəyini qurmaq istəyən vətəndaşlarımız dayanır. Əlbəttə, dövlət ata, vətəndaş isə onun sözəbaxan övladı deyil. Dövlət hüquqi institutdur, vətəndaş isə konstitusion hüquqların daşıyıcısıdır. Amma bu bənzətmə bizə bir şeyi anlamağa kömək edir, bəzən qarşıdurma kimi görünən məsələnin arxasında bir-birini kifayət qədər dinləməyən, bir-birinin narahatlığını anlamayan tərəflər dayanır.a0d99f3ffa4127f864d60ddcf305e3f6.jpg (81 KB)Mən məktəblərdə başörtüsü ətrafında yaranan mübahisəyə də bu prizmadan baxmağı təklif edirəm. Biz kiçik ölkəyik, amma müstəqilliyimizin dəyəri böyükdür Gəlin bir həqiqəti unutmayaq. Biz dünya xəritəsində ərazisinə və əhalisinin sayına görə böyük dövlət deyilik. Ətrafımızda bizdən qat-qat böyük əraziyə, əhaliyə, hərbi, siyasi və iqtisadi resurslara malik ölkələr var. Azərbaycan tarix boyu böyük güclərin maraqlarının toqquşduğu coğrafiyada yerləşib. 1813-cü ilin Gülüstan, 1828-ci ilin Türkmənçay müqavilələrini xatırlamaq kifayətdir. O dövrdə torpaqlarımızın taleyinə dair qərarlar imperiyaların maraqları əsasında verilirdi. Bəs biz bu tarixdən hansı nəticəni çıxarmalıyıq? Məncə, ən mühüm nəticə budur ki, Azərbaycan öz taleyini özü müəyyən etmək hüququnu heç bir xarici dövlətə güzəştə gedə bilməz. Bizi öz təsir dairəsinə almaq, öz siyasi və ideoloji kölgəsində saxlamaq istəyən qüvvələr tarix boyu olub. Belə cəhdlərin gələcəkdə də meydana çıxması ehtimalını nəzərə almalıyıq. Çünki coğrafiyamız dəyişmir. Qonşularımızın ölçüsü, resursları və regional maraqları da bir gündə yox olmur. Amma bizim dəyişən bir reallığımız var.Bu gün Azərbaycan müstəqil dövlətdir. Biz bu müstəqilliyi asan qazanmamışıq. 1988-ci ildən başlayan milli mübarizəni, 20 Yanvar faciəsini, Birinci Qarabağ müharibəsini, torpaqlarımızın işğalını, məcburi köçkünlərimizi, 2020-ci ilin Vətən müharibəsini xatırlayaq. Nə qədər ana oğlunu itirdi? Nə qədər uşaq atasız böyüdü? Nə qədər ailə doğma yurdundan didərgin düşdü? Biz bu dövləti, onun müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün ağır bədəllər ödəmişik. Şəhidlərimizin qanı bahasına qoruduğumuz dövlətin gələcəyini hansısa xarici ölkənin siyasi, dini və ya ideoloji maraqlarına qurban verə bilmərik. İstər dini şüarlar altında, istər siyasi ideologiya adı ilə, istərsə də iqtisadi və informasiya təsiri vasitəsilə olsun, Azərbaycanın suveren qərarvermə hüququna müdaxilə cəhdlərinə qarşı həssas olmalıyıq. Amma burada çox mühüm bir məqam var. Dövlətimizin müstəqilliyini qorumaqla vətəndaşlarımızın hüquqlarını qorumaq bir-birinə zidd vəzifələr deyil. Əksinə, bu dövlətin müstəqilliyinin mənası həm də vətəndaşlarımızın öz torpaqlarında azad, təhlükəsiz və ləyaqətli yaşamasıdır. Biz dövlətimizi xarici təsirlərdən qoruyarkən öz insanlarımızı ondan uzaqlaşdırmamalıyıq. Çünki dövlətimizin ən böyük dayaqlarından biri də məhz vətəndaşlarımızın ona olan etimadıdır.Şeytan başını örtərmi? Bir sual verim. Niyə də örtməsin?! Əgər məqsədi insanları aldatmaqdırsa, niyə özünü mömin kimi göstərməsin? Niyə müqəddəs dəyərlərin arxasında gizlənməsin? Niyə insanların dini həssasiyyətindən, inancından, göz yaşından istifadə etməsin? Axı hiyləgərliyin mahiyyəti də bəzən özünü olduğun kimi göstərməməkdir. Uşaqlığımızdan tanıdığımız “Tülkü həccə gedir” motivini xatırlayaq. Tülkü həccə gedən mömin obrazına bürünə bilər. Amma onun həqiqətən dəyişib dəyişmədiyini zahiri görünüşü deyil, niyyəti və əməli göstərər. Mən bu bənzətməni dini inanca qarşı deyil, dindən siyasi məqsədlərlə istifadə edən qüvvələrə münasibətdə işlədirəm. İranın dövlət ideologiyasında din mühüm yer tutur.İranın regional siyasətində dini-siyasi təsir mexanizmlərinin mövcudluğu da araşdırılmalı olan ciddi təhlükəsizlik məsələsidir. Ancaq Azərbaycanda hər başını örtən qadını hansısa xarici dövlətin tərəfdarı kimi görmək olmaz. Bizim minlərlə inanclı qadınımız var. Onların arasında müəllimlər, həkimlər, tələbələr, analar, müxtəlif peşə sahibləri var. Onlar həm inanclıdırlar, həm də öz vətənlərinə bağlıdırlar. Başörtüsü hansısa ölkəyə, yaxud məzhəbə məxsus deyil. Hətta dini baxımdan fərqli düşünən qadınlar arasında belə başörtüsünü milli ənənə kimi istifadə edənlər var. Azərbaycanlı qadının başını örtməsi onun Tehrana bağlılığı demək deyil. Şeytan başını örtə bilər. Amma başını örtən hər qadının kölgəsində şeytan axtarmaq da böyük yanlışlıqdır. Məsələ hicabda deyil, hicabdan siyasi məqsədlərlə istifadə edənlərdədir. Buna görə də başörtüsündən siyasi alət, yaxud ideoloji silah kimi istifadə cəhdlərinə qarşı diqqətli olmaq lazımdır. Qapını döyən kimdir? Təsəvvür edin, yaşadığınız binada silahlı hücum baş verib. Qonşularınızdan biri öldürülüb, digərinin evi qarət olunub.Təhlükəsizlik kameralarında cinayətdə şübhəli bilinən şəxslərin üzlərini gizlətdikləri görünür. Bir neçə gün sonra qapınız döyülür. Qapının gözlüyündən baxırsınız. Qarşınızda üzünü gizlətmiş biri dayanıb. Qapını dərhal açarsınızmı? Yəqin ki, yox. Əvvəlcə kimliyini öyrənmək istəyərsiniz. Hətta həmin şəxs özünü qızınız kimi təqdim etsə belə, üzünü göstərməsini xahiş edə bilərsiniz. Bəs bu, qızınıza olan sevginizin azaldığını göstərirmi? Əlbəttə, yox. Sadəcə yaşadığınız hadisələr sizi ehtiyatlı olmağa vadar edib. Amma qızınız üzünü göstərdi, onu tanıdınız. Artıq qarşınızdakı insanın kim olduğunu bilirsiniz. Bundan sonra yalnız başında örtük olduğuna görə onu evə buraxmırsınızsa, vəziyyət dəyişir. Çünki kimliyini gizlətmək üçün üzünü örtən şəxslə dini inancına görə saçını örtən qadın eyni vəziyyətdə deyil. Dövlət də təhlükəni müəyyən edərkən bu fərqi görə bilməlidir. Dövlətin qapısı təhlükəyə qarşı möhkəm, öz vətəndaşına qarşı isə ədalətli olmalıdır. Dünyəvilik inanca qarşı deyil Azərbaycan dünyəvi dövlətdir. Amma dünyəvilik dinsizlik demək deyil. Konstitusiyamızın 18-ci maddəsi dinin dövlətdən ayrı olduğunu, bütün dini etiqadların qanun qarşısında bərabərliyini və dövlət təhsil sisteminin dünyəvi xarakterini müəyyən edir.9VZSXfHbIB90is82IIFOZOan8IL2tKJdkNPzSPSm_1200.jpg (86 KB)Eyni Konstitusiyanın 48-ci maddəsi vicdan azadlığını, 42-ci maddəsi isə təhsil hüququnu qoruyur. Deməli, dövlətin dünyəvi olması vətəndaşın inanclı olmasına zidd deyil. Azərbaycan kimliyinin formalaşmasında islamın tarixi və mədəni rolu böyükdür. Bizim ailə münasibətlərimizdə, adət-ənənələrimizdə, bayramlarımızda, mərasimlərimizdə islam mədəniyyətinin izləri var. Amma Azərbaycan kimliyi yalnız dini mənsubiyyətlə məhdudlaşmır. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələri, eləcə də heç bir dini etiqadı olmayan vətəndaşlar yaşayırlar. Hamımızın ortaq siyasi və hüquqi məkanı Azərbaycan Respublikasıdır. Məktəbli forması ilə bağlı mübahisədə də əsas məsələ budur: dünyəvi dövlət təhsili ilə dini etiqad azadlığını necə uzlaşdıraq? Mən hesab edirəm ki, bu istiqamətdə alternativlər ciddi şəkildə müzakirə edilməlidir. Məsələn, məktəbli formasının rənginə uyğun, sadə və vahid standartlı başörtüsü variantı niyə nəzərdən keçirilməsin? Bizim milli geyim mədəniyyətimizdə analarımızın, nənələrimizin başında gördüyümüz, Azərbaycan qadınının milli geyim ənənəsinin bir hissəsinə çevrilmiş kəlağayı var. Əlbəttə, kəlağayı ilə dini hicabın örtünmə forması eyni deyil. Kəlağayı hər bir inanclı ailənin dini tələblərini ödəməyə bilər. Amma milli ənənə ilə müasir məktəbli forması arasında müəyyən uyğunlaşdırma imkanlarını araşdırmaq mümkündür. Bunun üçün hüquqi dəyişikliklər, məktəb rəhbərlərinin, valideynlərin, pedaqoqların və mütəxəssislərin iştirakı ilə müzakirələr tələb oluna bilər. Əsas məqsəd qızlarımızın təhsildən uzaq qalmamasıdır. Çünki başörtülü qızın oxuması, ali təhsil alması, peşə sahibi olması, cəmiyyətin fəal üzvünə çevrilməsi həm onun, həm ailəsinin, həm də dövlətimizin marağındadır.Arazın iki tayında iki qız İndi başqa bir mənzərə təsəvvür edək. Arazın iki tayında iki qız yaşayır. Biri Bakıda, digəri Təbrizdə. Hər ikisi azərbaycanlıdır. Hər ikisi müsəlman ailəsində böyüyüb. Hər ikisi oxumaq, elm öyrənmək, gələcəyini qurmaq istəyir. Bakıdakı qız səhər məktəbə hazırlaşır. Formasını geyinir, kitablarını çantasına yığır, başına örtüyünü bağlayır. Amma məktəbin qapısında ona deyilir ki, bu geyimlə dərsə daxil ola bilməz. Təbrizdəki qız isə məktəbdə oturub. Dərslərini öyrənir, müəllimini dinləyir. Amma onun başqa arzusu var. O, anasının layla dediyi, nənəsinin nağıl danışdığı Azərbaycan türkcəsində də təhsil almaq istəyir. Biri soruşur: — Mən başımı örtərək niyə oxuya bilmirəm? Digəri soruşur: — Mən öz ana dilimdə niyə təhsil ala bilmirəm? İki qız. İki fərqli dövlət. İki fərqli hüquqi problem. Amma hər ikisinin istəyi eynidir, öz kimliyindən imtina etmədən təhsil almaq. İranda fars dili rəsmi təhsil dilidir. Konstitusiyanın 15-ci maddəsi regional və etnik dillərin istifadəsinə və onların ədəbiyyatının məktəblərdə tədrisinə müəyyən imkanlar tanıyır. Lakin Azərbaycan türkcəsində tamhüquqlu ana dilli təhsil imkanları uzun illərdir mübahisə mövzusudur. Azərbaycan Respublikasında isə müzakirə dünyəvi dövlət məktəblərində vahid geyim qaydaları ilə dini etiqad azadlığının uzlaşdırılması ətrafında gedir. Bu iki vəziyyət eyni deyil. Amma mən burada bir sual vermək istəyirəm. Niyə bəzi dairələr Azərbaycanda başörtüsü məsələsində son dərəcə həssas mövqe nümayiş etdirərkən, İrandakı azərbaycanlıların ana dilində təhsil hüququ barədə eyni fəallığı göstərmirlər? Əgər insan hüquqlarından danışırıqsa, onu sərhədin bu tayında başqa, o tayında başqa ölçü ilə qiymətləndirməməliyik. Birinin başındakı örtüyü müdafiə edərkən digərinin ana dildə təhsil haqqını unutmamalıyıq.Arazın iki tayındakı bu iki qızın arasında bir çay axır. Tarix onları fərqli dövlətlərin vətəndaşlarına çevirib. Amma nə sərhəd, nə çay, nə də siyasi mübahisələr onların arzularını dəyərsizləşdirir. Biri başındakı örtüyə hörmət istəyir. Digəri ana dilində təhsil haqqına. Bəs biz niyə hər ikisini eşitməyək? Qardaşlıq təzyiq deyil, qarşılıqlı hörmət tələb edir Burada Türkiyədəki bəzi reaksiyalara da toxunmaq istəyirəm. Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi dövlətlərarası münasibətlər deyil. Biz bir-birimizin ən çətin günlərində yanında olmuşuq. Türkiyənin Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə verdiyi dəstəyi unutmaq olmaz. Eyni şəkildə, Azərbaycan xalqının Türkiyəyə olan sevgisi də yalnız siyasi münasibətlərlə ölçülmür. Bu qardaşlığın arxasında ortaq tariximiz, dilimiz, mədəniyyətimiz, mənəvi dəyərlərimiz və qarşılıqlı fədakarlığımız dayanır. Elə buna görə də Türkiyədəki qardaşlarımızın Azərbaycanda başörtülü qızların təhsil hüququ ilə bağlı narahatlıq keçirməsini başa düşürəm. Amma bir sual vermək istəyirəm. Qardaşının səhv etdiyini düşünürsənsə, onu dinləmədən, narahatlığının səbəbini öyrənmədən, hamının qarşısında ittiham etməyin qardaşlığa nə qədər yaraşır? Türkiyədə bəzi siyasi dairələrin və media nümayəndələrinin Azərbaycanla bağlı sərt açıqlamaları, xüsusilə məsələni ölkəmizin dünyəvi dövlət quruluşuna və suveren qərarlarına qarşı siyasi təzyiq müstəvisinə keçirmələri məndə narahatlıq doğurur.Başörtülü qızların təhsil hüququnu müdafiə etmək bir məsələdir. Azərbaycanı dini dəyərlərə düşmən ölkə kimi təqdim etmək isə tamam başqa məsələ. Bunları qarışdırmaq olmaz. Xüsusilə təhqir, həqiqəti təhrif edən başlıqlar, bütöv Azərbaycan cəmiyyətini hədəfə alan ittihamlar və dini hisslər üzərindən qarşıdurma yaratmağa xidmət edən ritorika qardaşlıq münasibətlərinə yaraşmır. Biz Türkiyənin daxili siyasi mübahisələrinin Azərbaycana daşınmasını da istəmirik. Türkiyənin öz tarixi təcrübəsi, xüsusilə başörtüsü ətrafında yaşadığı uzunmüddətli mübahisələr var, ancaq Türkiyənin keçmişdə yaşadığı hər siyasi qarşıdurmanı avtomatik olaraq Azərbaycandakı vəziyyətlə eyniləşdirmək doğru olmaz. Bizim də öz tariximiz, geosiyasi reallıqlarımız, təhlükəsizlik qayğılarımız və konstitusion quruluşumuz var. Qardaşlıq bu fərqləri inkar etmək deyil, onlara hörmət etməyi bacarmaqdır. Mən Türkiyədəki dostlarımıza, qardaşlarımıza da eyni sualı ünvanlamaq istərdim: Məqsədiniz həqiqətən başörtülü azərbaycanlı qızların təhsil hüququnu qorumaqdırsa, niyə bu məsələni Azərbaycanla Türkiyə arasında qarşıdurmanın səbəbinə çevirək? Niyə problemin həllinə kömək etmək əvəzinə, onu iki qardaş xalq arasında etimadsızlıq yaradan mübahisəyə çevirək? Əsl qardaşlıq danışarkən məsuliyyət daşımaqdır. Biz nə Türkiyənin dini həssasiyyətlərinə hörmətsizlik etməliyik, nə də Azərbaycanın müstəqil dövlət kimi qərarvermə hüququnu mübahisə predmetinə çevirməliyik. Azərbaycanla Türkiyə arasındakı qardaşlıq hansısa siyasi partiyanın, media qurumunun və ya ayrı-ayrı şəxslərin mülkiyyəti deyil. Bu münasibət xalqlarımızın ortaq sərvətidir. Onu bir məktəbli qızın başörtüsü üzərindən siyasi qarşıdurmaya qurban vermək olmaz. Əgər biz həqiqətən bir millət, iki dövlətiksə, iki dövlətin hər birinin müstəqilliyinə hörmət etməyi də bacarmalıyıq. Və unutmayaq ki, qardaşlıq yalnız çətin gündə bir-birinin yanında dayanmaq deyil, fikir ayrılığı yarananda da bir-birinin əlini buraxmamaqdır. Göyqurşağının rəngləri fərqli, səması birdir — Azərbaycan! Heç göyqurşağına diqqətlə baxmısınızmı? Onun gözəlliyi bütün rənglərin eyni olmasındadırmı? Əlbəttə, yox.22dd5afe563aa377e93b660c00d2270c.jpg (46 KB)Göyqurşağını gözəlləşdirən məhz rənglərin müxtəlifliyidir. Hər rəng özünəməxsusluğunu qoruyur, digərləri ilə birlikdə isə bütöv bir mənzərə yaradır. Mən Azərbaycan cəmiyyətini də belə görürəm. Bizim aramızda başörtülü qadınlar da var, başıaçıq qadınlar da. Şiələr, sünnilər, başqa dinlərin nümayəndələri və heç bir dini etiqadı olmayan insanlar da var. Fərqli inanclarımız, düşüncələrimiz və həyat tərzlərimiz olsa da, hamımızı birləşdirən ortaq bir dəyər mövcuddur. Azərbaycan! Biz eyni dövlətin vətəndaşlarıyıq. Eyni bayrağın altında yaşayırıq. Bu dövlətin müstəqilliyi, təhlükəsizliyi və gələcəyi hamımız üçün eyni dərəcədə əziz olmalıdır. Bəs nə üçün bir məktəbli qızın başındakı örtük bizi qarşı-qarşıya qoymalıdır? Nə üçün başörtülü qadın potensial təhlükə, başıaçıq qadın isə dini dəyərlərdən uzaq insan kimi təqdim edilməlidir? Kim deyib ki, başını örtən qadın dünyəvi dövlətə sədaqətli ola bilməz? Yaxud başını örtməyən qadın mənəviyyatsızdır? Mən belə düşünmürəm. İnsanın vətənpərvərliyi, əxlaqı və mənəvi dəyərləri yalnız zahiri görünüşü ilə ölçülə bilməz. Bizim başörtülü analarımız da şəhid böyüdüblər, başıaçıq analarımız da. Onların göz yaşlarının rəngi fərqlidirmi? Övladlarının uğrunda canından keçdiyi Vətən başqa-başqadırmı? Əlbəttə, yox. O şəhidlərin hamısı eyni bayrağın altında uyuyurlar. Buna görə də başörtüsündən siyasi alət, yaxud ideoloji silah kimi istifadə etmək cəhdləri yalnız dövlətimizin təhlükəsizliyinə deyil, cəmiyyətimizin daxili birliyinə də təhlükə yarada bilər. İstər xarici dini-siyasi mərkəzlər, istərsə də daxildə bu həssas mövzudan siyasi məqsədlər üçün istifadə etmək istəyən qüvvələr olsun, onların fəaliyyətini qiymətləndirərkən konkret faktlara və sübutlara əsaslanmalıyıq. Lakin belə təhlükələrin mövcudluğu ehtimalı bizə bütün başörtülü qadınlara şübhə ilə yanaşmaq haqqı vermir. Əksinə, başörtüsünü siyasi təsir vasitəsinə çevirmək istəyənlərin qarşısını almağın ən təsirli yollarından biri inanclı vətəndaşlarımızın öz dövlətlərinə olan etimadını qorumaqdır. Çünki öz dövlətində hüquqlarının qorunduğunu hiss edən insanı xarici ideoloji təsirlərlə dövlətinə qarşı qoymaq daha çətindir. Mən istəyirəm ki, Azərbaycanda başörtülü qız da, başıaçıq qız da eyni məktəbdə təhsil alsın. Eyni sinifdə otursunlar. Birlikdə böyüsünlər. Bir-birinin inancına, seçiminə və şəxsiyyətinə hörmət etməyi öyrənsinlər. Sabah biri həkim, digəri müəllim, başqa biri alim və ya hüquqşünas olsun. Hamısı öz dövlətinə, öz xalqına xidmət etsin. Axı bizim məqsədimiz göyqurşağının bütün rənglərini eyniləşdirmək deyil. Məqsədimiz həmin rənglərin bir-birini yox etmədən, eyni səmanın altında ahənglə yaşamasına şərait yaratmaqdır. Azərbaycan o səmanın adıdır. Dövlətimizin müstəqilliyi isə həmin səmanın toxunulmazlığıdır. Nə xarici qüvvələrin dini ideologiya adı altında bu səmanı parçalamağa, nə də daxildəki fikir ayrılıqlarının cəmiyyətimizin rənglərini bir-birinə düşmən etməsinə imkan verməliyik.Başörtüsünü nə dövlətə qarşı siyasi bayrağa çevirməliyik, nə də onu daşıyan vətəndaşı dövlət üçün təhlükə hesab etməliyik. Çünki Azərbaycanın gücü bütün vətəndaşlarının eyni cür düşünməsində deyil, fərqli düşünən insanların eyni vətənə sədaqətindədir. Müxtəlif rənglər, fərqli inanclar, ortaq vətən. Bir bayraq. Bir dövlət. Bir gələcək. Haqlı olmaq qırıb-tökməyə haqq vermir Burada başqa bir məsələni də demək istəyirəm. Hər bir vətəndaş öz hüquqlarını müdafiə edə bilər. Dövlət qərarını tənqid edə bilər. Məhkəməyə müraciət edə, dinc etirazını bildirə bilər. Bunlar hüquqi dövlətin normal mexanizmləridir. Amma məktəbin qapısını sındırmaq, dövlət əmlakına ziyan vurmaq, kimisə hədələmək, zorakılığa əl atmaq heç bir halda dini etiqad azadlığının müdafiəsi kimi təqdim edilə bilməz. İnsan özünü haqlı hesab edə bilər. Amma haqlı olmaq hər vasitəni məqbul etmir. Bəzən insan öz haqqını müdafiə edərkən seçdiyi yanlış davranışla öz mövqeyinə zərər vurur. Bizim dini və milli-mənəvi dəyərlərimizdə səbir, təmkin və qarşılıqlı hörmət xüsusi yer tutur. Ancaq bunu da unutmayaq: dinc etirazla zorakılıq eyni deyil. Vətəndaşın dövlətin qərarına hüquqi yollarla etiraz etməsi onun dövlətinə sədaqətsizliyi anlamına gəlmir. Eyni zamanda, dövlətin də vətəndaşla danışması, qərarının səbəblərini izah etməsi, narahatlıqları dinləməsi zəiflik deyil. Əksinə, qarşılıqlı etimadın əsas şərtlərindən biridir. Dövlətlə vətəndaş arasında qarşılıqlı empatiya Mən düşünürəm ki, bizim bu gün ən çox ehtiyac duyduğumuz məsələlərdən biri dövlətlə vətəndaş arasında qarşılıqlı etimada əsaslanan empatiyanın formalaşmasıdır.Bəs empatiya nədir? Qarşındakı insanın yerinə özünü qoya bilmək, onun narahatlığını, qorxusunu, düşüncəsini və hisslərini anlamağa çalışmaqdır. Vətəndaş da bəzən özünü dövlətin yerinə qoyub düşünməlidir ki, bu dövlət hansı coğrafiyada yerləşir, hansı təhlükələrlə üzləşir, müstəqilliyini qorumaq üçün hansı çətinliklərdən keçir? Amma dövlət də özünü həmin məktəbli qızın yerinə qoymalıdır. Təsəvvür edin, illərlə başını örtən, bunu dini inancının ayrılmaz hissəsi hesab edən bir qız səhər məktəbə gedir və qapıda dayanmalı olur. O, nə xarici dövlətin nümayəndəsidir, nə siyasi təşkilatın üzvü, nə də kiməsə qarşı mübarizə aparır. Sadəcə oxumaq istəyir. Öz inancı ilə, öz dövlətində, öz məktəbində. Dövlət onun narahatlığını anlamalı, vətəndaş isə dövlətin təhlükəsizlik qayğılarını nəzərə almalıdır. Amma burada məsuliyyətlər eyni deyil. Çünki vətəndaşın dövlətə etimadı onun hüquqlarından imtina etməsi demək olmadığı kimi, dövlətin vətəndaşa empatiyası da sadəcə xoş münasibətlə məhdudlaşmamalıdır. O, qanunlarda, qərarlarda və onların tətbiqində öz əksini tapmalıdır. Etimad birtərəfli tələb edilmir, qarşılıqlı münasibətlə qazanılır. Əgər vətəndaş dövlətin hər qərarında qərəz axtararsa, dövlət də vətəndaşın hər narazılığında təhlükə görərsə, aralarındakı etimad zəifləyər. Bundan isə nə dövlət, nə də vətəndaş qazanar. Əksinə, belə vəziyyət cəmiyyətdə qarşıdurma yaratmaq istəyən qüvvələr üçün əlverişli mühit formalaşdıra bilər. Güclü dövlət yalnız vətəndaşını qoruyan deyil, həm də vətəndaşının özünü qorunmuş hiss etdiyi dövlətdir. Dövləti və cəmiyyəti dilemma qarşısında qoymayaq Məncə, bu müzakirədə ən böyük yanlışlıqlardan biri bizi iki seçim qarşısında qoymaq cəhdidir. Ya dövlətin təhlükəsizliyini qorumalıyıq, ya da vətəndaşın dini etiqad azadlığını. Niyə? Kim deyir ki, bunlar bir-birinə ziddir? Niyə başörtülü qızın təhsil hüququnu müdafiə etmək dövlətə qarşı çıxmaq kimi təqdim edilməlidir? Yaxud dövlətin təhlükəsizlik qayğılarını anlamaq niyə dini etiqad azadlığına qarşı olmaq kimi qiymətləndirilməlidir? Biz bu iki mövqenin arasında seçim etməyə məcbur deyilik. Azərbaycanın müstəqilliyi bizim üçün güzəşt mövzusu deyil. Əgər müəyyən məhdudiyyət tətbiq edilirsə, onun hüquqi əsası, zəruriliyi və mütənasibliyi aydın olmalıdır. Dövlətin təhlükəsizlik vəzifəsi ilə vətəndaşın hüquqları arasında tarazlıq məhz burada yaranır. Bizim ortaq məqsədimiz müstəqil, təhlükəsiz, hüquqa əsaslanan və vətəndaşlarının özünü bu dövlətin ayrılmaz hissəsi hesab etdiyi Azərbaycan olmalıdır.523559e87fe41e23f8151a9372ed7783.jpg (34 KB)Dövlətimizi qorumaq üçün vətəndaşlarımızdan, vətəndaşlarımızın hüquqlarını qorumaq üçün isə dövlətimizin təhlükəsizliyindən imtina etməli deyilik. Qapının arxasında qalan qızımız Yenidən yazının əvvəlindəki ata ilə qızın yanına qayıdaq. Ata qapının arxasında dayanıb. Qızı isə çöldədir. Ata deyir: — Mən səni qorumaq istəyirəm. Qız cavab verir: — Mən də sənin yanında olmaq istəyirəm. Amma öz inancımla, öz kimliyimlə. Bəlkə ata qorxusunda haqlıdır. Bəlkə ehtiyat etdiyi təhlükə həqiqətən mövcuddur. Bəlkə də qorumaq istəyi onu lazım olduğundan daha sərt qərara gətirib çıxarıb. Amma bir həqiqət dəyişmir. Qapının arxasındakı yad deyil. Öz qızıdır. Dövlətlə vətəndaş münasibətində isə məsuliyyət daha böyükdür. Çünki dövlət yalnız təhlükədən qoruyan deyil, həm də vətəndaşın qanuni hüquqlarını təmin edən institutdur. Mən inanıram ki, bu həssas məsələnin həlli üçün hüquqi və ictimai dialoq imkanları mövcuddur. Məktəbli formasının vahidliyi, dünyəvilik prinsipi və dini etiqad azadlığı arasında uyğunlaşdırma yolları ciddi şəkildə araşdırılmalıdır. Ən əsası, qızlarımız məktəbdən uzaq qalmamalıdır. Onlar oxumalıdırlar. Ali təhsil almalıdırlar. Həkim, müəllim, alim, mühəndis, hüquqşünas olmalıdırlar. Öz ailələrinə, cəmiyyətimizə və dövlətimizə fayda verməlidirlər. Başörtülü və ya başıaçıq olmalarından asılı olmayaraq, onların hamısı Azərbaycanın gələcəyidir. Və sonda bir daha həmin sualı vermək istəyirəm: Dövlət təhlükəni müəyyən etmək üçün qapını nə qədər möhkəm bağlamalıdır və hansı məqamda həmin qapını öz vətəndaşının üzünə açmalıdır? Məncə, bu sualın cavabı yalnız qapının nə qədər möhkəm olmasında deyil, onun kimə və hansı əsasla açılıb-bağlanmasındadır. Şeytanın qapını döyməsindən ehtiyat edək. Amma bu ehtiyatla öz qızlarımızı qapının arxasında qoymayaq. Çünki bəzən o qapının arxasında qalan təkcə bir qız deyil, bütöv bir nəslin öz dövlətinə olan inamıdır.Elnur Məcidli