“Qarabağ” Misli Premyer Liqasının 8-ci turu çərçivəsində “Neftçi” ilə 3:3 hesablı heç-heçəyə razılaşıb. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra matç haqda fikirlərini bölüşüb. "Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Çox maraqlı oyun oldu. Məncə, heç bir komanda məğlubiyyətə layiq deyildi. Futbolçular azarkeşləri sevindirdilər, onlara yaxşı futbol şousu təqdim etdilər. Hər iki komandanı təbrik edirəm".- Yeni transferlərin komandaya uyğunlaşma prosesi başa çatıb, yoxsa hələ də davam edir?- Çətinliklərimiz var, çatışmazlıqlarımız da az deyil. Yeni gələn futbolçularımızın, demək olar ki, hamısı müəyyən zədə problemləri yaşayıb. Bir qədər də vaxta ehtiyacımız var. Düşünürəm ki, belə oyunlar onların çempionatımıza daha tez uyğunlaşmasına kömək edəcək.- Uzun müddətdən sonra Şahruddin Məhəmmədəliyev meydana çıxdı. Martin Zlomisliç isə ehtiyatda idi. Belə vacib oyunda Şahruddinə şans verməyinizin səbəbi nə idi?- Əslində, Zlomisliç ehtiyatda oturacaq vəziyyətdə deyildi. İki gün əvvəl zədələnmişdi. Sadəcə, təcrübəsini nəzərə alaraq komanda ilə bir yerdə olmasını istədim. Amma bu oyunda meydana çıxmağa hazır deyildi.qol.az