Tbilisidə iqtisadiyyat üzrə fəlsəfə doktoru, "Maarif" təşkilatının direktoru Aygül İsayevanın "Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimatı keçirilib.
Elmi araşdırmalara əsaslanan nəşrdə Gürcüstanda azərbaycandilli məktəblərdə ana dilinin tədrisi, şagirdlərin Azərbaycan dilini mənimsəməsinə təsir göstərən amillər, eləcə də ana dilinin qorunması və gələcək nəsillərə ötürülməsi məsələləri araşdırılıb.
Müəllif təqdimatdakı çıxışında bildirib ki, Gürcüstanda azərbaycandilli məktəblərin sayının azalması ilə yanaşı, ana dilinin tədrisi sahəsində də ciddi problemlər mövcuddur. O, xüsusilə 2006-cı ildə İlia Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı ixtisasına tələbə qəbulunun dayandırılmasının ixtisaslı kadrların hazırlanmasına mənfi təsir göstərdiyini vurğulayıb.
Müəllifin sözlərinə görə, ana dili dərslərinin saatlarının azaldılması, buraxılış imtahanının ləğvi, dərsliklərin tərcüməsində yol verilən səhvlər və ixtisaslı müəllim çatışmazlığı şagirdlərin Azərbaycan dilini mənimsəməsini çətinləşdirən əsas amillərdəndir.
Kitabda müəllim və şagirdlərin fikirləri əsasında bu problemlər təhlil olunub, onların həlli istiqamətində diqqət yetirilməli məsələlərə toxunulub.
A.İsayeva nəşrin məqsədinin yalnız mövcud problemləri üzə çıxarmaq deyil, həm də onların həllinə diqqət çəkmək olduğunu bildirib. O qeyd edib ki, ana dilinin qorunması və gələcək nəsillərə ötürülməsi təkcə təhsil məsələsi deyil, həm də milli kimliyin və mədəni irsin mühafizəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Təqdimatda Azərbaycanın Gürcüstandakı səfirliyinin təhsil üzrə müşaviri Fuad Çıraqov və Türkiyənin Tbilisidəki səfirliyinin təhsil müşaviri Yüksel Kara çıxış ediblər. Çıxışlarda kitabın mövzusu, ana dilinin tədrisinin əhəmiyyəti və Azərbaycan dilinin qorunmasının vacibliyi vurğulanıb.