İrandakı müharibə İraqa 60 milyard dollar zərər vurdu

İraqın xarici işlər naziri Fuad Hüseyn ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibə nəticəsində ölkəsinin təxminən 60 milyard dollar zərərə uğradığını bildirib.

Nazir bu barədə Romada italiyalı həmkarı Antonio Tayani ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.

Nazir münaqişənin davam etməsinin İraq iqtisadiyyatına ciddi zərbə vurduğunu və ölkənin böyük iqtisadi itkilərlə üzləşdiyini qeyd edib.

Fuad Hüseyn müharibənin qlobal enerji böhranını daha da dərinləşdirdiyini və inflyasiyanın artması ilə bağlı narahatlıqları gücləndirdiyini bildirib.

Onun sözlərinə görə, münaqişə Avropa ölkələri də daxil olmaqla, dünyanın bir çox dövlətinin iqtisadiyyatına mənfi təsir göstərir.

Nazir gərginliyin nəzarət altına alınması və münaqişənin daha geniş ərazilərə yayılmasının qarşısının alınması üçün diplomatik səylərin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Fuad Hüseyn daha əvvəl də Hörmüz boğazında dəniz nəqliyyatının pozulması nəticəsində İraqın neft gəlirlərinin azaldığını və bunun ölkə iqtisadiyyatına ciddi zərər vurduğunu qeyd edib