Müharibələri önləmək üçün beynəlxalq təşkilatlarda çatışmayan əsas meyar qətiyyətdir!

Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı bunu bir daha sübut etdi

15 oktyabr 2026-cı il tarixində Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilib. Zirvə görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövətimizin son 30 ildə üzləşdiyi problemlərdən bəhs edib. Prezident bildirib ki, məhz xalqımızın qəhrəmanlığı, öz milli-mənəvi dəyərlərinə bağlılğı ona bütün bu problemləri həll etməyə, erməni işğalına son qoymağa, respublikamızın ərazi bütövlüyünü təmin etməyə imkan verdi:

“Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısı yanıldı, yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar”. (https://president.az/az/articles/view/74051 ).

Dövlət başçısı işğal dönəmində beynəlxalq təşkilatların Azərbaycanın üzləşdiyi faciələrə olan biganə münasibətindən də bəhs edib. Prezident qeyd edib ki, həmin vaxt bəzi beynəlxalq təşkilatlar nəinki təcavüz qurbanı olan Azərbaycanın haqq işini müdafiə etmir, hətta işğalçı Ermənistana dəstək verir, onun maraqlrını müdafiə edirdi:

“Heç kim Ermənistanı işğala, hərbi cinayətlərə, etnik təmizləməyə və qətliama, Azərbaycan xalqının dini müqəddəs yerlərinin təhqir edilməsinə görə qınamadı. BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrin icrasında təkid etmədi, ATƏT laqeyd qaldı.

Beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin iki nümunəsi olan Avropa Parlamenti və Avropa Şurası davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəfə alırdı və təcavüzkar Ermənistanı həvəsləndirirdi”. (https://president.az/az/articles/view/74051 ).

Prezidentin çıxışından da məlum olduğu kimi, həmin vaxt bütün dünya və beynəlxalq təşkilatlar baş verənlər haqqında məlumatlı olsa da, Azərbaycanın üzləşdiyi işğal probleminin həlli istiqamətində heç bir əməli fəaliyyət ortaya qoymadı. Dünyanın ən böyük, ən nüfuzlu təşkilatı hesab edilən BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı qətnamələri də icra edilməmiş qaldı. Hansı ki, bu qətnamələr 2020-ci ildə 44 günlük Vətən müharibəsinin gedişatında Azərbaycan Silahlı Qüvvələri tərəfindən böyük müvəffəqiyyətlə icra olundu.

Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı bir daha göstərdi ki, müharibələri önləmək üçün beynəlxalq təşkilatlarda dünən də, bu gün də çatışmayan əsas meyar qətiyyətdir! Məhz “qətiyyət böhranı” beynəlxalq təşkilatların böhranlı situasiyalarda doğru qərarlar qəbul etməsini çətinləşdirir, qəbul olunan qərarların icrasına imkan vermir. Halbuki, beynəlxalq təşkilatların problemli məsələlərə səmimi və qətiyyətli münasibəti müharibələrin qarşısının alınmasında ən təsirli vasitə ola bilər. Unutmayaq ki, müharibələrin qarşısının alınması minlərlə insanın həyatda qalması deməkdir və beynəlxalq təşkilatların bu “qazancı” öz qətiyyətsizliklərinə qurban verməsi faciədir.