Ağstafada 61 yaşlı Fatma Musayevanı qətlə yetirən 1979-cu il təvəllüdlü Zülfiyyə Musayevanın məhkəmə prosesi başa çatıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilən Zülfiyyə Musayeva 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına görə, Zülfiyyə Fatma Musayevanı quldurluq məqsədilə öldürüb. O, qadını qətlə yetirdikdən sonra Fatma Musayevanın evindən ona məxsus 7611 manat ələ keçirib.
Məlum olub ki, Zülfiyyə bir müddət əvvək Fatmanın ərindən 1000 manat borc pul alıb, sonra isə qaytarıb. Bu söhbət üzə çıxandan sonra Zülfiyyənin əri onu döyüb. Bu barədə təqsirləndirilən şəxs ilkin istintaqa ifadəsində bildirib.
Məsələnin üzə çıxmasında Fatmanı ittiham edən Zülfiyyə, buna aydınlıq gətirmək üçün onun evinə gedib. Nəticədə tərəflər arasında mübahisə yaşanıb. Bu zaman Zülfiyyə bıçaqla qadının boğaz nahiyəsinə xəsarət yetirərək onu öldürüb.
Hadisədən sonra qan izlərini təmizləyən Zülfiyyə işə gedib, evdən quldurluq yolu ilə götürdüyü pullarla “Turan Bank”a olan kredit borcunu ödəyib.
İşdən sonra evə gələn qadın, Fatmagilin həyətində çoxlu insanların yığışdığını görüb. Hadisənin xəbərsiz kimi davranan Zülfiyyənin ifşası kamera görüntüləri ilə üzə çıxıb. O, bundan sonra törətdiyi əməli etiraf etməli olub./Xitab24.az