Kürdəmirdə baş verən qəzanın səbəbi məlum olub.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, bu gün saat 5 radələrində Mahmud Əliyevin idarə etdiyi "Isuzu" markalı, avtokran tipli avtomobil yol kənarında dayanan Uğurlu Pənəliyevə məxsus "Mercedes" markalı yük avtomobili ilə toqquşub.

İlkin məlumata görə, hadisənin baş verməsinə səbəb M.Əliyevin sükan arxasında yuxulaması nəticəsində avtomobilin idarəetmədən çıxması göstərilir.

"Baş Dövlət Yol Polisi İdarəsi oxşar səbəbdən ağır yol-nəqliyyat hadisələrinin təkrarlanmasından ciddi narahatlığını ifadə edir və sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına biganə yanaşmamağa çağırır", - məlumatda vurğulanıb.